Bakıda ən böyük məscid tikilir (VİDEO)

Paytaxtda Qafqazın ən böyük məscidinin tikintisinə başlanılıb. Xusüsi zövqlə və dini qaydalara əsasən tikilən məscidin eksklüziv görüntülərini təqdim edirik.

Burada inşa olunan məscid dünyanın 10 ən böyük məscidlərindən biri olacaq. Eyni vaxtda icəridə 4200 adam, çöldə isə 18 min adam namaz qıla biləcək.
Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaq. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.

Dini qaydalara uyğun olaraq daşlar oymalarla elə işlənir ki, üzərində quran ayələri və surələr yazılacaq.

Məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaq. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq.

Məscidə xüsusi gözəllik verəcək üç tərəfli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaq. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulub. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaq.1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda 400-dən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.