Bakıda 74 yaşlı kişini öldürən sürücü qaçdı

Olum

Bakı şəhərinin Xətai rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, Nobel prospektində “BMW” markalı, 90 UV 203 nömrə nişanlı avtomobil piyadanı vurub. Yüksək sürətlə hərəkət edən avtomobilin vurduğu yaşlı kişi 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq gedib.

Xətai Rayon Polis İdarəsindən bildirilib ki, qəzada ölən şəxs 1940-cı il təvəllüdlü Mustafayev Ələmşah Yusif oğludur. Onu vuran sürücünün kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Lent.az)