Bakıda beynəlxalq forum keçiriləcək

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, sentyabrın 13-dən 16-dək Bakı şəhərində “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunub.

XALQ.AZ xəbər verir ki, Konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi qəbulda Bakının azad olunması ilə əlaqədar deyib:

“Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.

Beynəlxalq konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşmışlar. Azərbaycanın görkəmli hərb xadimi Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak etmişdir.

 

Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun formalaşması general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə başa çatdırılıb.

 

 

Orxan