Narkotik satmaq istədi, amma….

Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

 

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan idman çantasının içərisində külli miqdarda marixuana aşkarlanaraq,  maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.