Bakıda ekskovator dayanacağa girdi

Dayanacaq

Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib.

XALQ.AZ-ın məlumatına görə, qəza, təxminən bir saat əvvəl Ziya Bünyadov prospektinin Böyükşor qəsəbəsi ərazisindən keçən hissəsində yaşanıb.

Hadisə yerində olan şahidlərdən biri bildirib ki, yolda təmir işləri ilə məşğul olan ekskovator sürücüsü yuxulu olduğu üçün idarəetməni itirərək, avtobus dayanacağına girib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həmçinin, qəza zamanı ərazidəki avtomobillərə də ziyan dəyib.

Nərimanov rayon Yol Polis İdarəsindən verilən məlumata görə, PPX əməkdaşları hadisə baş verən əraziyə göndərilib.

Hadisənin təfərrüatları barədə araşdırma aparılır.