Bakıda film festivalı keçiriləcək

Kino

İyunun 25-dən 29-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə II Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcək.

Xalq.az-ın xəbərinə görə, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində hər il keçirilən mədəni qeyri-kommersiya tədbiridir.

Festival ilk dəfə 20-24 noyabr 2013-cü il tarixlərində Nizami Kino Mərkəzində keçirilib. Festivalın rəsmi dilləri Azərbaycan və ingilis dilləridir. Müsabiqə proqramında iştirak edəcək filmlərin müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün dəstək göstərir.

Bakı Beynəlxalq turizm filmləri festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalın proqramına əsas müsabiqə və müsabiqədənkənar nümayiş daxildir. Bununla yanaşı, festival çərçivəsində seminarlar, müzakirələr, film müəllifləri, turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında təcrübə mübadiləsi də həyata keçirilir.

Festivalda iştirak üçün mayın 1-dək müraciət etmək olar.
II Bakı Beynəlxalq turizm filmləri festivalı haqqında məlumat, yni zamanda, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin saytında da yer alıb.