Bakıda görüşlər keçiriləcək

Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyası mayın 8-də  Bakıda – Milli Məclisdə (MM) öz işini davam etdirib.

XALQ.AZ xəbər verir ki, Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, gündəlikdə 11 məsələdən altısının müzakirəsi yekunlaşdırılıb.

Sonra çıxış üçün söz verilən səfir Kamil Xasıyev Qarabağ münaqişəsindən danışıb və bildirib ki, bu cür münaqişələr regionda təhlükəsizliyə və qeyri-sabitliyə gətirib-çıxarır.

O, Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini xatırladaraq qeyd edib ki, orada sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələsinin təmin edilməsi xüsusilə vurğulanıb.

Səfir deyib ki, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qərar və qətnamələr qəbul edib.

Səfirin sözlərinə görə, Ermənistanın dağıdıcılıq mövqeyi səbəbindən münaqişə hələ də həll olunmamış, qəbul olunmuş qərar və qətnamələr icra edilməmiş vəziyyətdə qalır.

Səfir münaqişə nəticəsində cəbhə xəttinə yaxın ərazilərdə insanların daim təhlükə altında yaşadığını, tez-tez erməni hücumlarına məruz qaldığını, nəticədə uşaqların, qocaların, qadınların müharibənin günahsız qurbanlarına çevrildiyini bildirib.

O, konkret olaraq, Füzuli rayonunun Alxanlı kəndində iki nəfər-nənə və nəvənin ermənilər tərəfindən qətl edildiyini xatırladaraq, bunu insanlığa zidd olan bəşəri cinayət adlandırıb.

K. Xasıyev status-kvoya toxunaraq, bunun davam etməsinin yolverilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, komitənin üzvləri bu gün xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov və iqtisadiyyat naziri Şahin Mustafayevlə də görüşəcəklər.

 

Elgün