Bakıda konfrans keçirilib

 Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

XALQ.AZ  xəbər verir ki, konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edir.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olub.

Konfransı giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Qloballaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, kölgə iqtisadiyyatının miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.

Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırıb və bildirib ki, artımlar qeyri-neft sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolu burada həlledici olub. Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M. Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulayıb. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğu bildirilib.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Avstriyanın “Johannes Kepler University Linz” Universitetinin professoru Friedrix Şnayder, Rusiyanın Dövlət İdarəçilik Universitetinin professoru Vera Alyoşnikova, Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti Sapar Koşkinbayev, Ukrayna Milli Hüquq Universitetinin “Maliyyə hüququ” kafedrasının müdiri, Ukrayna Milli Hüquq Elmləri Akademiyasının akademiki Nikolay Kuceryavenko, Çili Milli Vergi Assosiasiyasının və Beynəlxalq Sənaye Təşkilatı Cəmiyyətinin üzvü Klaudio Aqostini, Rusiya “İqtisadiyyat, idarəetmə və sahibkarlıq” ali məktəbinin direktoru, “Tenevaya Ekonomika” elmi-praktik jurnalının baş redaktoru Vitali Burov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (“AmCham Azerbaijan”) prezidenti Nuran Kərimov və başqaları Azərbaycanda və dünyanın müxtəlif ölkələrində kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransda ümumilikdə 30-a yaxın təqdimatın dinlənilməsi və müzakirəsi gözlənilir.



Orxan