Bakıda polis reyd keçirdi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

XALQ.AZ xəbər verir ki, DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, yanvarın 9-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində növbəti reyd keçiriblər. Reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunmuşlar. Bu istiqamətdə reydlər davam etdirilir.

 

Orxan