Bakıda nazirlərin konfransı keçiriləcək

Bu il aprelin 5-6-da “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək.

XİN-dən XALQ.AZ -a verilən məlumata görə, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 apreldə yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq.

Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.

2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatının sədri olacaq.

Qoşulmama hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb.