Bakıda Tolerantlıq Festivalı

Dördüncü “IMAGINE” Avropa Tolerantlıq Festivalının başlanması ilə əlaqədar onlayn mətbuat konfransı keçirilib.

XALQ.AZ xəbər verir ki, mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxış edərək COVID-19 virusu səbəbindən bu il festivalın əvvəlki illərdən fərqli bir formatda, onlayn formatında keçiriləcəyini qeyd edib. O, festivalın onlayn keçirmək fikrini irəli sürdüyünə görə rəssam Səbinə Şıxlinskayaya təşəkkürünü bildirib.

Mətbuat konfransında Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi və başqaları çıxış edərək festival barədə fikirlərini bölüşüblər.

Çıxışlarda söylənilib ki, festivalın bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyarət etmək fikrində olan dünyanın müxtəlif yerlərindən bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün bir mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər.

Bununla da koronavirus pandemiyası dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş olunacaq. Konsert mayın 9-u Avropa Günü canlı baş tutacaq.

Mayın 9-da keçiriləcək “İdeyalar Forumu”nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “COVID-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini bölüşəcəklər. Həmçinin mayın 12-də çili-belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın canlı konserti və mayın 15-də dünyanın müxtəlif yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti də qeyd edilməlidir.

Qeyd edilib ki, bununla yanaşı, müzakirələr, ustad dərsləri, şeir gecələri, bədii sərgilər, film nümayişləri və s. keçiriləcək.

Daha sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.