Bakıda yol bağlandı

 

14

 

Bakıda daha bir magistral yol əsaslı təmirə bağlanıb

Bakıda daha bir magistral yol əsaslı təmirə bağlandı. Bunu APA TV-yə “Azəryolservis” ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

O bildirib, Tiblisi prospektinin İzmir prospekti ilə kəsişməsindən 20 yanvar qovşağına kimi olan ərazidə yollarda aparılan təmir-bərpa işlərinin davamı olaraq Abdulvahab Salamzadə küçəsindən 20 yanvar dairəsinə kimi olan yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. P. Mürsəliyev magistral yolun təxminən 450 metr uzunluqda olan hissəsində yolun asfaltlandığını bildirib: “İlkin mərhələdə köhnə asfalt beton örtüyü qaşınıb. Hazırda yeni asfaltlama işləri aparılır ki, görülən işlərin günün sonuna və ya dekabr ayının 15-nə kimi bitməsi gözlənilir”.

Təmirə bağlanan prospektdə avtomobillərin hərəkəti istiqamətinə gəlincə, “Azəryolservis” sözçüsü deyib ki, əvvəldən xəbərdaredici nişanlar qoyulduğundan səhər saatlarından bu ərazidə tıxac müşahidə edilməyib: “Tiblisi prospektində 20 yanvar dairəsinə tərəf hərəkət edən nəqliyyat vasitələri Salamzadə küçəsindən keçməklə “Papanin” körpüsündən 3 mikrorayon dairəsinə çıxa biləcək. Kifayət qədər alternativ yollardan istifadə etmək mümkündür”.

Qeyd edək ki, Tiblisi prospektində yolun təmir bərpa işləri bu ilin yay aylarından mərhələli şəkildə həyata keçirilir.