Deputat: “Bakının Mingəçevir İES-dən asılılığı tədricən aradan qalxır”

Prezident İlham Əliyev 1000 meqavatlıq yarımstansiyanın tikintisi ilə tanış oldu və 385 meqavatlıq Qobu elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etdi. Ölkə başçısı 2004-cü ildən bəri ölkənin stabil, dayanıqlı energetika sisteminin yaradılması istiqamətində görülmüş işlərlə bağlı ətraflı məlumat verdi. Cənab Prezidentin bilavasitə rəhbərliyi ilə bu günə qədər 30 yeni stansiya tikilib və istifadəyə verilib. Ölkəmizdə energetika sisteminin differensasiyası, elektrik enerjisinin ixrac potensialı, yeni güclərin yaradılması da prioritet məsələlərdəndir. Eyni zamanda xarici investisiyaların cəlb edilməsi, alternativ, bərpa olunan enerji və digər sahələrlə bağlı cənab Prezidentin özünün dərin biliklərə malik olması energetika siyasətimizin daha da güclənəcəyinə təminat verir.

Bu fikirləri XALQ.AZ-a açıqlamasında Milli Məclsin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, müasir dünyada digər ölkələrlə rəqabət aparmaq üçün əsas strateji sahələr üzrə təhlükəsizlik təmin edilməlidir:

“Enerji təhlükəsizliyi, milli təhlükəsizlik sistemində xüsusi yer tutur. Müstəqil energetika sistemi olmadan sənayenin, yüksək texnologiyaların, qeyri neft sektorunun, ümumiyyətlə iqtisadiyyatın inkişafından söhbət belə gedə bilməz. Əhalinin sosial-rifah halının yaxşılaşmasından danışmaq olmaz. Bütün bunları nəzərə alan cənab Prezident 2004-cü ildən başlayaraq, yeni elektrik stansiyalarının tikintisinə önəm verməyə başladı ki, bununla da bugünkü müsbət nəticələrə nail olundu.

Deputat qeyd edib ki, Davos Iqtisadi Forumunun qiymətləndirməsinə əsasən, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada 2-ci yerə layiq görülüb:

“Bu olduqca müsbət göstərici olmaqla bərabər, qürurverici faktdır. Azərbaycan əvvəllər olduğu kimi elektrik enerjisini xarici dövlətlərdən idxal etmir, əksinə ixrac edir. Digər bir məqam yeni generasiya gücünün Bakı şəhəri və Abşeron yarımadasının Mingəçevir İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacağıdır. Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzalar, eyni zamanda məsafə uzaqlığı bu addımları atmağı zəruri edirdi. Tikilməkdə olan yeni güclərdə isə ən müasir texnologiyalar tətbiq olunacaq ki, bu da Bakı kimi meqapolisdə elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə rol oynayacaq. Bütövlükdə 1000 meqavat yükgötürmə gücü olan 330 kilovoltluq tikilməkdə olan yarımstansiya və təməli qoyulan 385 meqavatlıq “Qobu” stansiyası Azərbaycanın gələcək inkişafına, daha da güclənməsinə hesablanmış layihələrdir”.