Bakutel 2013” sərgisi dekabrın 2-dən 5-dək keçiriləcəkdir

 

02

Dekabrın 2-dən 5-dək Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi (“Bakutel 2013”) keçiriləcəkdir.
Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkətindən AzərTAc-a bildirmişlər ki, “Bakutel 2013” sərgisi Azərbaycanın son illər informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün nadir meydançaya çevriləcəkdir. Sərgi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) kimi layihələr, habelə Azərbaycanın kosmik sənayesi təqdim olunacaqdır.
Sərginin ekspozisiyasında Azərbaycanda informasiya-telekommunikasiya texnoparkının yaradılması mövzusu da aktual olacaqdır. Bu layihə regionda orta və kiçik biznesin inkişafı baxımından ümid doğurur. Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə internet provayderləri iştirak edəcəklər. Sərgiyə, həmçinin Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən olan şirkətlər də qatılacaqdır.
Builki sərginin fərqli cəhəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil olunan milli stendlərin say etibarilə daha çox olmasıdır.
Sərginin geniş işgüzar proqramı vardır. Belə ki, sərgi çərçivəsində kibertəhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə “Azərbaycanda internet: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans, TASIM konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, “İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi” mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu keçiriləcəkdir. Bundan əlavə, sərgi günlərində Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə SPECA layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası və Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları da təşkil olunacaqdır.