“Bakutel-2013” sərgisində Dünya azərbaycanlılarının ilk virtual konfransı keçiriləcəkdir

7

 

Dekabrın 2-dən 5-dək “BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Dünya azərbaycanlılarının ilk virtual konfransı keçiriləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müxtəlif xarici dövlətlərin ərazisində 8 dayaq nöqtəsi müəyyənləşdirilmişdir. Həmin dayaq nöqtələrindən dünyanın 20-yə yaxın ölkəsində yaşayan soydaşlarımızın konfransa onlayn şəkildə qoşulması nəzərdə tutulmuşdur. Bunun üçün lazım olan bütün avadanlıq alınmış və quraşdırılmışdır.
Tədbir müxtəlif ölkələrdə məskunlaşmış azərbaycanlıların virtual aləmdə bir araya gəlməsinə və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə işlərin görülməsinə kömək edəcəkdir.
Qeyd edək ki, saat fərqinin olması nəzərə alınaraq konfrans üçün ortaq saat seçiləcəkdir.