Banka getmədən hesab açmaq mümkün olacaq

Vaxtilə xaricdə görüb qibtə etdiyimiz, kağızsız sənədləşmə imkanı Azərbaycanda da reallaşacaq.

Xalq.Az xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun sözlərinə görə, şəxsiyyət vəsiqəsi ilə bağlı 20-dən çox məlumat, iş yeri, VÖEN məlumatları, məhkumluq, dövlət qarşısında öhdəliklər, mal-mülk ilə bağlı məlumatlar vahid fin-kod altında toplanacaq.

Bu isə analitik təhlil aparmaq, mobil bankçılıq, resurslara qənaət imkanı yaradacaq.

“Kağızlara, qovluqlara çəkilən xərcləri, onların saxlanması üçün resursları nəzərə alsaq, bu, 10 dəfə qənaət deməkdir. Hazırda eGov-un istifadəçilərinin sayı 870500 nəfərdir və qarşıdakı bir il ərzində iki milyon nəfərə çatması hədəflənib”, – deyə F.Cəfərov bildirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini Asim Zülfüqarovun sözlərinə görə, bank hesablarının açılması qaydası hazırlanıb və hazırda müzakirədədir.

“Bu qayda yeniliklər gətirəcək. Vətəndaş evində, iş yerində oturaraq hesabını aça biləcək”.

Onun sözlərinə görə, rəqəmsallaşma ilə bağlı İcbari Sığorta Bürosu da bir sıra yeniliklər edəcək.

“ASAN Finans”ın və bu layihə çərçivəsində elektron hökumət portalının verdiyi bütün növ alətlərdən istifadə etməklə könüllü və icbari sığorta sektorunu genişləndirmək mümkün ola bilər.

Palata rəsmisi bildirib ki, maliyyə sektorunun ana hədəflərindən biri rəqəmsallaşma, müştəri məmnuniyyətinin təmin olunmasıdır.

“Ötən il cari hesablar üzərindən elektron əməliyyatlar 24%-ə çatıb ki, bu da təxminən iki dəfə artım deməkdir. Lakin biz bununla kifayətlənməməliyik”, – deyə A.Zülfüqarov vurğulayıb.

 

Orxan