Baş bankir: Bu banklar buna görə ləğv edildi

elman rustemov

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Əmrah Bank” və “Atabank”ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan “AGBank” və “NBC Bank”ın hamısının kapitalı mənfidir.

XALQ.AZ xəbər verir ki, bu sözləri AMB-nin sədri Elman Rüstəmov Real TV-nin efirində bildirib.

“Azərbaycan qanunvericiliyinə görə, yeni fəaliyyətə başlayan bankın nizamnamə, fəaliyyətdə olan bankın isə məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Halbuki həmin 4 bankda bu göstərici mənfidir, yəni kapital çatışmazlıqları mövcuddur. Bu da o deməkdir ki, onların normal fəaliyyəti üçün 50 milyon manatdan da çox vəsait tələb olunur.

Məsələn, maliyyə hesabatlarında özünü normal bank kimi təqdim edən “Əmrah Bank”ın kapitalı mənfi 77 milyon manatdır. Deməli, onun normal fəaliyyətinə 127 milyon manat lazımdır. “Atabank”da isə kapital göstəricisi mənfi 214 milyon manatdır. Bu da onun normal fəaliyyəti üçün 264 milyon manatın lazım olması deməkdir. Bu banklar ödəniş qabiliyyətini tamamilə itirib, halbuki onlarda əhalinin təxminən 400 milyon manat əmanəti var, onları qaytarmaq lazımdır. Bankların problemli kreditlərinin xüsusi çəkisi ölkə üzrə orta göstəricidən dəfələrdə çoxdur (müvafiq olaraq 40% və 88%). Odur ki, lisenziyaların ləğv edilməsinə qərar verilib”, – E.Rüstəmov qeyd edib.