Baş infeksionist çimərliklərlə bağlı çağırış etdi

modern.az celal isayev 204

İnsanlar çimərliyə gedərkən özlərini sahildəki sıxlıqdan qorumalıdırlar. Dənizin içində virusun yayılma ehtimalı yoxdur.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, çimərliklərdə müşahidə olunan sıxlıq yoluxmanı yenidən artıra bilər. “Son günlər biz çimərliklərdə sıxlığın yaranmasını müşahidə edirik. Sıxlıq yoluxma riskinin artmasına səbəb olan faktorlardan biridir. Nəzərə alsaq ki, sahildə çox adam maska taxmır, belə halda yaxın məsafədən virus keçə bilər. Dənizin içində sıxlıq olmur. Sıxlıq əsasən sahildədir. İnsanlar saatlarla bir-birinə yaxın məsafədə sahildə oturur, söhbət edirlər, məsafəni qorumağa çox da meyilli olmurlar. Amma koronavirusun sudan keçmək ehtimalı yoxdur. Dəniz suyuna düşən virus tələf olur. Buna görə də insanlar daha çox suda olmağa çalışsınlar, nəinki dənizin kənarında”, – deyə C.İsayev vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyə və qaydalara əməl etməyə çağırıb.

Xatırladaq ki, çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək lazımdır.

Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq vacibdir.

Qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək zəruridir.