Baş katib sədr seçildi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib.

XALQ.AZ  xəbər verir ki, qurultay dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

GTMŞ sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S. Hüseynov qurultayda GTMŞ sədrliyinə namizədliyini irəli   sürməyəcəyini nəzərə çatdıraraq sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.

 

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev GTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib: “GTMŞ Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. Milli Şura dövlət qurumlarının etibarlı tərəfdaşına çevrilib. GTMŞ bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatlarını gənclərin problemlərini, mövqelərini toplamalı, GTMŞ-na təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Gənclər Təşkilatları bu sahədə GTMŞ-yə öz töhfələrini verməlidirlər. GTMŞ sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. Ü. Quliyev parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.

GTMŞ-nin fəaliyyətini təqdir edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov GTMŞ-nin yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra GTMŞ sədrliyinə namizədliyini irəli sürmüş Məryəm Məcidova çıxış edib. Qurultayda səsvermə nəticəsində M. Məcidova GTMŞ sədri seçilib.

Qeyd edək ki, M. Məcidova GTMŞ baş katibi olub.


Comments are closed.