Baş nazir görüş keçirib

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının gələcək fəaliyyət planları müzakirə edilib.

Bağdat Amreevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov ona fəaliyyətində uğurlar arzulayıb.

Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan üçün çox önəmli təşkilat olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu Şura türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan Baş nazir ölkələrimiz arasında çox yaxşı dostluq əlaqələrinin olduğunu deyib. Qeyd edib ki, dövlətlərimizin başçıları arasında olan səmimi dostluq münasibətləri əlaqələrimizin bu cür yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır.

Türkdilli dövlətlər arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edən baş katib Bağdat Amreev Azərbaycanın qədim Naxçıvan diyarında 2009-cu ildə əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu əlaqələrin inkişafına xüsusi impuls verdiyini vurğulayıb. Oktyabrın 3-də Şuranın yaradılmasının 9 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Bağdat Amreev ötən müddət ərzində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib. “Azərbaycan Şuranın yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır”, – deyə baş katib vurğulayıb.

Söhbət zamanı 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

 

 

Orxan