Baş prokuror vətəndaşları qəbul etdi

zakir
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov aprelin 21-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror və Beyləqan rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 37 vətəndaş qəbul edilmiş, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılmışdır.

Müşavirədə həmçinin, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.