Baş Prokurorluqda işləmək istəyənlərin nəzərinə

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 80 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib.

XALQ.AZ xəbər verir ki, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan

Respublikası vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
–   ikili vətəndaşlığı olan şəxslər;
–   digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
–   din xadimləri;
–   məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
–   alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
–   əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
–   əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
–  qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, müvafiq qurumların fəaliyyətinin tənzimlənməsi məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur və bu məqsədlə sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilib.

Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 15 aprel 2020-ci il tarixdən etibarən müvafiq ərizə və aşağıdakı sənədlərin foto-surətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
–  şəxsiyyət vəsiqəsinin surəti;
–  ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnamənin) surəti;
–  kadrlar uçotuna dair anket
–  tərcümeyi-hal; yüklə
–  4×6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.