Baş redaktorun qətlə yetirilmiş uşaqları ilə bağlı istintaq nə yerdədir?

 

42

Vasif Turan: «İstintaq davam edir, özüm də bəzi məlumatlar əldə etmişəm, dəqiqləşdikdən sonra prokurorluğa təqdim edəcəm»

«Qaldırılmış cinayət işində hər hansı bir yenilik yoxdur. Baş Prokurorluqda aparılan istintaq hərəkətlərinin nə zaman nəticə verəcəyi isə məlum deyil». Bu açıqlamanı JAM.AZ-a 2011-ci ildə Qobu qəsəbəsində evinin yanması nəticəsində iki uşağını itirmiş Bolgexeber.com saytının rəhbəri Vasif Turan baş vermiş olayla bağlı qaldırılmış cinayət işinin vəziyyəti barədə sualımızı cavablandırarkən verib.

O bildirib ki, hadisənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, uşaqlarının kimlər tərəfindən qətlə yetirildiyi hələ də müəyyənləşməyib. «Bu müddət ərzində bir xeyli istintaq hərəkətləri aparılıb. Hazırda da proses davam edir. Şübhəli şəxs qismində kimlərin dindirildiyi barədə məlumatım yoxdur. Amma ümid edirəm ki, yaxın vaxtlarda cinayətin üzəri açılacaq və həqiqi cinayətkarlar cəzalarını alacaqlar».

Vasif Turan daha sonra qeyd edib ki, baş vermiş olayla əlaqədar özü də şəxsi olaraq araşdırmalar aparır. «Mən də öz imkanlarımdan istifadə edib araşdırmalar aparıram. Əlimdə bəzi məlumatlar var və onları dəqiqləşdirməklə məşğulam. Həmin məqamlarla bağlı qəti nəticələr əldə etdiyim təqdirdə şübhəsiz, onları istintaq orqanlarına təqdim edəcəm».