Bazar günü imtahan olacaq

Tehsil

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında imtahanın iyunun 29-da olacağını bildirib.

İmtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. 14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. Qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00 -da başlanacaq.

İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.