Benzin yenə bahalaşa bilər

66

 

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkədə Aİ-98 və Aİ-95 markalı benzinin azad satışının həyata keçirilməsi və ölkə ərazisində ancaq Aİ-92 markalı benzinin istehsal olunması təklifi ilə hökumət qarşısında çıxış edib. O bildirib ki, hazırda bu təklif nəzərdən keçirilir. Rövnəq Abdullayev təklifi belə əsaslandırıb ki, artıq Heydər Əliyev adına Neft Emalı Zavodu benzinə olan tələbatı ödəyə bilmir.

“Media forum” saytına aşıqlama verən iqtisadçı ekspert Samir Əliyev burda təhlükəli məqamın olduğunu deyib: “Rövnəq Abdullayevin açıqlaması avtomobil kreditlərinin dayandırılmasının benzin istehlakı ilə bağlı olduğu barədə fikrimizi bir daha sübuta yetirdi. Təhlükə isə ondan ibarətdir ki, Aİ-95 markalı benzinin idxalı onun bahalaşmasına gətirib çıxara bilər. Çünki Tarif Şurası, bildiyiniz kimi, Azərbaycanda istehsal olunan yanacağın qiymətini tənzimləyir. Aİ-95 markalı benzin isə idxal olunarsa, deməli, Tarif Şurası onun qiymətini tənzimləməyəcək. Necə ki, Aİ-98 markalı benzinin qiymətini tənzimləmir. Rövnəq Abdullayevin təklifi qəbul edilərsə, Aİ-95 markalı benzinin bahalaşması üçün hökumətin əlində əsas olacaq”.