BEYNƏLXALQ SÜLH GÜNÜNDƏ SÜLHƏ TƏHDİD YARADANLAR BARƏDƏ BİR NEÇƏ SÖZ…

qaniraa

.Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünlərdə AzTV, İTV və “Real” TV-yə geniş müsahibə verdi. Müsahibədə bütün digər önəmli məqamlarla yanaşı, elan olunmamış müharibənin acı nəticələri fonunda işğalçı Ermənistanın yeni həmlə cəhdləri və əlbəttə, Azərbaycanın cavab tədbirləri barədə fikirlər xüsusi yerə sahibdir.Ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” sözlərini xatırlayıram. Və müsahibənin respublikamızın neft-qaz strategiyasında daha bir önəmli hadisəsi olan “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə bağlı tədbirdə verilməsini də təsadüf yox, təvafüq hesab edirəm.Dağlıq Qarabağ: XX əsrin sonu – XXI əsrin əvvəlləri… Tarixə bir baxış.Heç kəsə sirr deyil ki Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vəzifə tutması və ciddi nüfuz sahibi olması amili Ermənistan və ermənilər, erməniyanlılar üçün uzun illər çəkindirici faktor olmuş, separatçı hərəkətlərin gerçəkləşməsi də daxil olmaqla, ərazi iddialarına, işğal cəhdlərinə qarşı sipər rolu oynamışdır. Heç təsadüfi deyil ki yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Ermənistan və erməniyanlılar (bir sözlə, anti-Azərbaycan qüvvələri) Dağlıq Qarabağ ermənilərinin arxasında gizlənərək və onların əli ilə respublikamızın torpaq bütünlüyünə, unitarlığına, suverenliyinə qarşı niyyətlərini açıq müstəviyə keçirdilər; konkret şəkildə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin respublikamızdan ayrılıb Ermənistana birləşdirilməsi tələbi və əsassız iddiaları ilə çıxış etdilər. SSRİ-nin son illərində respublikamıza qarşı ədalətsizliklər (cənab Prezidentin dediyi kimi, böyük ədalətsizliklər!) edilib. – “Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı”…Bizə haqsızlıq edən SSRİ rəhbərliyi, dönüb bir SSRİ-nin ən çətin günlərinə – 1941-45-ci illərə – müharibə illərinə, eləcə də, müharibədən öncə və sonraya baxsalardı, SSRİ iqtisadiyyatı üçün Bakının, Azərbaycanın necə fədakarlıqlar etdiyini xatırlasalardı, bəlkə vicdanları oyanardı… Amma oyanış üçün vicdanın özü olmalıydı – vardımı o vicdan?! Vardısa, hər şey bir yana, 20 yanvar qətliamı, Xocalı soyqrımı olardımı?!. Özünü təmin etmək qüdrətində olan 2-3 respublikadan biri olan Azərbaycanı, dotasiya ilə dolanan, mərkəzi büdcəyə daim yük olan Ermənistan qarşısında yenik duruma salmaq necə bir zehniyyətin (zehniyyətsizliyin!) məhsuluydu?!.Yaxşı xatırlayırıq, Dağlıq Qarabağda xüsusi komitənin yaradılması, o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin başçı təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planının tərkib hissəsi idi. – “Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar”. Yəqin Volskinin erməniyanlı fəaliyyəti (ədalət planında fəaliyyətsizliyi) qarşılığında erməni lobbisi tərəfindən “ödüllüəndirildiyi” – onun sonradan Rusiya Sahibkarlar İttifaqına başçsılıq etməsi heç təsadüf olmamışdır…Bədnam 366-cı motoatıcı alayın azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rolu olduğu da tarixi faktdır. Və biz tarixin tarix olması, tarixin qələbə faktları ilə zənginləşməsi, haqsızlığa son qoyulması və ədalətin təntənəsi üçün çalışmağa məhkumuq! Ən yeni duruma dair bir neçə sözErmənistan hökumətinə hazırda demokrat qiyafəli, işğalçı zehniyyətli Nikol Paşinyan başçılıq edir. Paşinyanın simasının dəqiq təsbitlərindən olan “demokrat qiyafəli, işğalçı zehniyyətli” sözlərini hər dəfə niyə yazırıq? – Çünki o, özünü əliqanlı diktator sələflərindən fərqli ideoloji-siyasi düşüncənin daşıyıcısıymış kimi tanıdırdı və hakimiyyətə də belə bir dalğa üzərində gəlmişdi; lakin çox keçməmiş bəlli oldu ki Ermənistanın yeni rəhbəri daha ziddiyyətli, daha qeyri-müəyyən xüsusiyyətlərə malikdir – daha doğrusu, tam destruktiv sayılmağı haqq edir. Yoxsa, demokratik düşüncələrlə, birgəyaşıyış qaydaları, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan davranışları necə izah etmək, nə təhər anlamaq olar? – Paşinyan hakimiyyətə yiyələndikdən sonra işğal altındakı Azərbaycan torpaqlarına daha tez-tez gəlməyə, daha avantürist çağırışlar etməyə, qanunsuz tikililəri, qanunsuz məskunlaşmanı stimullaşdırmağa başladı; Paşinyan öz oğlunu beynəlxalq hüquqa sayğısızcasına, dünya birliyinə etinasız şəkildə Dağlıq Qarabağda hərbi xidmətə göndərdi. Amma bu və başqa hərəkətləri Paşinyanın və onun hökumətinin gücünü göstərmir, əlbəttə. Əlbəttə, bu mövzularda ən çox informasiyaya malik olan, mövcud durumu hamımızdan yaxşı bilən cənab Prezidentin sözləri mənzərəni daha doğru ifadə etməkdədir. – Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.İki il bundan öncə Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi.Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir.Beləliklə, erməni Baş nazir, bir tərəfdən, öz ölkəsininin daxili durumunun ağır olduğunu, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq cəhdlərini, özünün isə sülh danışıqlarına meyilli olmasını, guya məsələni həll etməyə çalışdığını deyərək, atəşkəsin möhkəmləndiriməsi ricasında bulunmuş, digər yandan da, daxili auditoriyada güclü görünməyə çalışmışdı…(Bir məqamı da qeyd edək ki, Paşinyanın guya “demokratlığ”ına, yalançı vədlərinə, bir sözlə, adlar, qiyafələr dəyişsə də, xisləti dəyişməyən Ermənistan rəsmilərinə aldanmayan Azərbaycan tərəfi, işğalçı ölkədəki çevrilişdən bir ay sonra, öncəbhənin Naxçıvan istiqamətində uğurlu Günnüt əməliyyatı keçirsə də, keçmiş xuntanın Paşinyan hökumətinə qarşı revanşına yol verməmək üçün bundan təbliğat məqsədi ilə istifadə etmədi).Və iki il öncədən bu ilin iyuluna – cəbhənin Tovuz istiqamətindəki toqquşmalara keçid etsək, Paşinyan və ümumən Ermənistan dövlət rəhbərliyinin nə qədər avantürist, riyakar və etibarsız olduğunu bir daha görərik. Yaxşı ki bu görünümü yalnız Azərbaycan deyil, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, uğurlu diplomatiyası və dünya azərbaycanlılarının aksiyaları sayəsində beynəlxalq ictimaiyyət gördü. Azərbaycanın haqlı mövqeyi beynəlxalq qurumlar tərəfindən, ədalətli ölkələr tərəfindən təqdir edildi.İyulda cəbhənin Tovuz istiqamətində baş verən hadisələr bütün digər yönləri ilə birgə, açıq silahlı təxribat idi; onsuz da kövrək olan atəşkəsi Ermənistan tərəfi pozmuşdu. İşğal altındakı Qarabağdan uzaqda – dövlət sərhəddi boyunca baş verən bu pozuntu azmış kimi, Ermənistan avqust ayında mülki vətəndaşlarımıza qarşı terror aktları, hərbçilərimizə qarşı növbəti təxribat törətmək cəndində bulundu – bu məqsədlə diversiya qrupu göndərdi və o diversiya qrupunun başçısı hərbçilərimiz tərəfindən vaxtında tutuldu. Bəs işğalçı ölkə nəyi hədəfləmişdi? – Azərbaycan Prezidentin yerli TV-lərə müsahibədə dediyi kimi: “Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır”… Bəli, iyul hadisələrindən sonra kimin sülhə, kimin müharibəyə sövq etdiyini hər kəs bir daha bildi. Üstəlik, o da bəlli oldu ki, Paşinyanın sərhəddə insident törətməyi məqbul hesab etməsində, daxili ziddiyyətlərdən, hakimiyyətə gələrkən verdiyi yalançı vədlərdən, digər amillərdən diqqəti yayındırmaq kimi bir məqsədi, o cümlədən COVİD-19 pandemiyasının yaratdığı problemlərin öhdəsindən gələ bilməmək gerçəkliyi də təsirsiz olmayıb… “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır….Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?” – bunlar cənab Prezidentin sözləri və Ermənistandakı yaxud Ermənistanla Azərbaycan arasındakı münasibətsizliyə diqqət göstərən, soyuq ağılla fikir bildirməyi bacaranlar üçün verilən suallardır.Bütün bu deyilənlər bir daha göstərir ki, Ermənistanla danışıqlar, onların cəfəng açıqlamaları, təxribatları və anlamsız davranışları sayəsində, əsl məzmununu önəmli dərəcədə itirib. Azərbaycan tərəfi danışıqlar naminə danışıqlar aparmaq fikrində deyil; bizim dözüm, təmkin limitimiz sonsuz deyil və biz torpaqları işğal altında olan tərəf olsaq da, gücsüz tərəf deyilik – bunu bütün əlaqədar qurum və quruluşlar yaxşı bilir. Belə olan halda, güclü Azərbaycanın, gücsüz Ermənistanın tapdağı altındakı torpaqlar üzərində suveren hüquqlarını bərpa etməsinin qarşısını heç kim ala bilməz və heç kəs belə bir niyyətdə, planda olmamalıdır. – Azərbaycanın uzun illərə dayanan səbrini, xoşməramlılığını, bölgədə barışa, birgəyaşayışa verdiyi töhfələri hər kəs gərəyincə dəyərləndirməyi bacarmalıdır.Nə Paşinyan, nə də işğalçı ölkənin havadarları ümid etməsin ki Azərbaycan nə zamansa, Ermənistanla deyil, Dağlıq Qarabağdakı qondarma rejimlə danışıqlar apara bilər – bu ilələlbət mümkün deyil! Doğrudur, Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirib, lakin həmsədrlər yalnız quru bildirişlə öz missiyalarını bitmiş saymamalıdır. – Hər kəs öz adı ilə çağırılmalı, hadisələr mahiyyəti üzrə qiymətləndirilməlidir. Məsələn, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparılması bütün beynəlxalq konvensiyalarla ziddiyyət təşkil etdiyi, tam bir qanunsuzluq aktı olduğu halda, beynəlxalq qurum və quruluşlardan gərəkli, operativ və kəskin reaksiya görürükmü? – Çox təəsüflər, yox! Baxmayaraq ki öncəki qanunsuz məskunlaşdırma ilə bağlı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatları olmuşdu, lakin Beyrutda avqustda baş vermiş məlum dəhşətli partlayışdan sonra Livan erməni ailələri işğal bölgəsinə köçürülür və beynəlxalq qurumlar bu yeni faktlara biganəlik göstərir. Eyni biganəlik yaxud gərəkən reaksiyanın göstərilmədiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşada qondarma rejimin “rəhbər”inin guya “andiçmə mərasi”minə münasibətdədə də özünü büruzə verdi…İşğalçı Ermənistanın daxili auditoriyaya “qalib ədası” ilə amma beynəlxalq aləmə məzlumanə görkəmlə nümayiş etdirdiyi “mövqe”, əlbəttə, Azərbaycan Respublikasının birmənalı və haqlı mövqeyi ilə cavablandırılır. Gəlin yenə, cənab Prezidentin mövcud durumu bütün dərinliyi ilə ifadə edən sözlərinə diqqət edək: “…Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir….Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik….Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır….Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”…Bu yerdə nələri fərqləndirmək olar – hansı müəyyənlikləri qeyd edə bilərik? – Birmənalı şəkildə aydındır ki işğalçı ölkə yeni böyük müharibəyə hazırlaşır. Düşmən təmas xəttinə yeni hərbi qüvvələr toplayır. Düşmən üzv olduğu KTMT-ni, müttəfiqlərini özünün işğalçılıq siyasətinə ortaq etmək istəyir. Ermənistan adı üstündə təcavüzkar dövlətdir. Ermənistan başqa ölkə və beynəlxalq qurumlardan ianə, yardım dilənə-dilənə, bir yandan da terrorizmə himayəçilik etməkdədir. – Bilmirəm, dünyada bunun başqa analqou varmı?!. Ermənistan mövcud halı ilə ilk növbədə bizimçün, eyni zamanda Qafqazlar üçün və bütövlükdə dünya üçün bir təhlükə mənbəyi olaraq qalır. – “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək….Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. …Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.Düşünürəm ki Azərbaycan Prezidentinin bu prinsipial fikirlərini ilk növbədə sadə ermənilər, erməni əsgər anaları, mülki Ermənistan vətəndaşları, erməni fikir mərkəzləri yaxşı-yaxşı öyrənməli və öz avantürist, təxribatçı, hüquqtanımaz hökumətlərindən haqq-hesab sormalı, öz dövlətlərini sülhə çağırmalıdırlar. Ermənistan hakimiyyətinin beynəlxalq hüquqa meydan oxumasına sülhyaratma mandat-missiyasına sahib olan qurumlar da biganə qalmamalı, qəti çağırışlar etməlidir. Və bu çağışların bir konkret nəticəsi olamlıdır – bizim ilkin tələbimiz açıq-aydındır və dəyişməzdir: İŞĞALÇI ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ AZƏRBAYCAN TORPAQLARINAN QEYD-ŞƏRTSİZ VƏ DƏRHAL ÇƏKİLMƏLİDİR!***Azərbaycan Prezidentinin yerli TV-lərə müsahibəsində, gözlənildiyi kimi, bir sıra suallara, narahatlıqlara da toxunuldu – xalqımıza da, müttəfiqlərimizə də açıq mesajlar verildi. Cənab Prezident xatırlatdı ki Serbiya və Rusiya prezidentləri ilə telefon söhbəti olub və Azərbaycan xalqının, dövlətinin narahatlığı ifadə edilib. Dövlət başçısının “Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”.Bu yerdə bir daha vurğulamaq istərdim ki Azərbaycanın dostluğu, dost təşəkkürü nə qədər qiymətlisə, qarşı tərəflər üçün Azərbaycan tərəfinin narahatlığı, narazı qalması da o qədər düşündürücü olmalıdır.Heç kəsə sirr deyil ki Gürcüstanda məskunlaşmış, bir çox hallarda gürcü soyadları altında gizlənən separatçı ruhlu etnik ermənilər hər vəchlə Gürcüstan-Azərbaycan bağlarına zərbə vurmağa çalışır. Qonşu Gürcüstanda ötən il baş vermiş bəzi təxribat xarakterli olaylar da dünyanın dörd yanına səpələnmiş “təxribat ustası” ermənilərdən qaynaqlanırdı. Yaxşı ki erməni xisləti Azərbaycanda da, Gürcüstanda da yaxşı bilinir. Yəqin Gürcüstanda unutmayıblar ki Ermənistan BMT və digər beynəlxalq qurumlarda həmişə Gürcüstanın əleyhinə səs verib – konkret olaraq, ərazi bütövlüyü məsələlərində Gürcüstanın əleyhinə olub. Ancaq “Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur”. Ermənistanın Gürcüstana “ideoloji-siyasi yatırım” qoymasını bəlkə də, kimsə, hansısa şəkildə “izah” edər, lakin İslam ölkələri, hətta türksoylu ölkələrdə anti-Azərbaycan təbliğat-təşviqat işinə girişən Ermənistanın hərəkətləri və bu hərəkətlərin izahı daha qəribə təsir bağışlayır. Ermənistan xristanlığı da Qriqoryan məzhəbincə anlayan – xristianlığı erməni maraqlarınca daraldan, üstəlik, İslama münasibətdə ən dözülməz durumda olan, üzr istəyirəm, məscidlərə donuz dolduran bir rejimə və anti-bəşəri zehniyyətə malikdir. Azərbaycan isə multikulturalizmin, tolerantlığın əsas ünvanlarından biridir; İslam həmrəyliyi işinə Azərbaycan töhfələri özünəxas örnək təşkil edir. Azərbaycan Prezidentinin xarici siyasət istiqamətli çıxışlarında əsas prioritetlərdən biri məhz müsəlman ölkələri ilə bağlarımızdır. Respublikamızı BMT-də ən çox dəstəkləyən ölkələrin də müsəlman ölkələri olduğu faktdır. Məsələn, İƏT Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidir ki, onlarla guya “isti, dostanə” münasibətlər istəyində olan Ermənistan, işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı vandazlizm törədib; işğal bölgəsində tarixi dini abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib… – “Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin….Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər”.Elə bilirəm, qardaş Türkiyənin Ermənistana, Ermənistanın işğalçılıq siyasətinə münasibəti müsəlman ölkələri üçün örnək təşkil etməlidir. Cənab Prezidentin vurğuladığı kimi, Tovuz hadisələri, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərdi. Bu, “bir ürəkdə iki can” olmanın növbəti təntənəsi, Türkiyə-Azərbaycan sarsılmaz birliyinin, əbədi qardaşlığının parlaq təcallası oldu! Qardaş Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, aparıcı partiyalar, konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları, bütövlükdə türk xalqı bir daha göstərdi ki Azərbaycanın ayağına dəyən daş onları necə göynədir… “Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir….Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil – Ermənistan özü baş çıxarsın. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək”. – Cənab Prezidentin bu sözləri, türkoloqlar, türk dünyasını araşdıran mütəxəssislər, ümumən beynəlxalq münasibətləri tədqiq edənlər üçün, Anadolulu qardaşlarımız demiş, klavuzdur, mükəmməl təsbitdir.Əlbəttə, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Əlbəttə, dağıdılmış yaşayış məntəqələrimizi, viran edilmiş yaxud dəyişdirilmiş tarixi abidələrimizi bərpa edəcəyik: “Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”! – Və bu, bizimçün xəyal, ehtimal və ya ümid deyil, məhz inamımızdır!Biz yaxşı bilirik ki işğalçı Ermənistan, necə deyərlər, özünə belə yararı olmayan bir dövlətdir. Bərbad və ümidsiz iqtisadiyyatı, məhdud bazarı, azalan (və yaşlı) əhalisi ilə heç bir cəlbediciliyi qalmayan “qalib ədalı” amma çökməkdə olan Ermənistan əvvəl-axır haqq etdiklərini görəcək, əməllərinin bədəlini yaşayacaqdır!Bugün Beynəlxalq Sülh Günüdür! Biz Sülh Günündə sülh üçün təhdid yaradan xunta rejimindən, işğalçıdan, terrorizm yuvasından və “demokrat libaslı” işğalçı zehniyyətli Paşinyan-dan yazmalı, danışmalı oluruq. Və Sülh Günündə belə təxribatlarından əl çəkməyən işğalçı Ermənistan, dövlət sərhəddinin Tovuz istiqamətində kövrək atəşkəsi yenə pozdu və ordumuzun çavuşu Elşən Əli oğlu Məmmədov şəhid oldu. Hərbçimizin qanı yerdə qalmayacaq! Bizim işimiz bütün ölçü və ülgülərlə haqq işdir, biz mütləq qalib gələcəyik!Paytaxt Bakıdan Xankəndinə, gənclik və sülh şəhəri Sumqayıtdan Şuşaya, qəhrəman Tovuzdan Kəlbəcərə aparan yollarımız sülh üçün müharibə tələb edirsə, gərəyini yerinə yetirəcəyik!DÖVLƏTİMİZ, ORDUMUZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Qənirə Paşayeva