Deputat:”Beynəlxalq hüquq, tarixi ədalət tamamilə Azərbaycanın tərəfindədir”

Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlər sistemində yeri və nüfuzu, iqtisadi potensialı, hərbi gücü ərazi bütövlüyünü təmin etməyə imkan verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu qəti və həlledici addım atmaq üçün geosiyasi şərtlər də əlverişli olmalıdır.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib. O, bildirib ki, müasir dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslər beynəlxalq münasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxdığını, prosesləri istiqamətləndirən əsas elementə çevrildiyini göstərir:

“Azərbaycanın xarici siyasəti də məhz dünyanın yeni siyasi reallıqlarına istinad edən praqmatik hesablamalara əsaslanır. “Heç şübhəsiz ki beynəlxalq hüquq, tarixi ədalət tamamilə Azərbaycanın tərəfindədir. Lakin çox təəssüf ki, müasir dövrdə bu amillər heç də mübahisələrin və münaqişələrin aradan qaldırılmasında həlledici rol oynamır. Məhz bu səbəbdən də biz Azərbaycana qarşı dəfələrlə qərəzli yanaşmaların şahidi olmuşuq.”

Deputat qeyd edib ki, ölkəmizin artan gücü, nüfuzu bəzi dairələri narahat edir, məhz buna görə də müxtəlif vaxtlarda ölkəmizə qarşı əsassız ittihamların, qərəzli kampaniyaların şahidi oluruq.

Millət vəkilinin fikrincə, Azərbaycan sözün həqiqi mənasında tam müstəqil siyasət yürüdən bir ölkə kimi bütün dünyada qəbul olunduğundan, bu bəzi siyasi dairələri qıcıqlandırır:

“Bəzi beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının bizə münasibətdə yumşaq desək, xoşniyyətli olmadığını dəfələrlə müşahidə etmişik. Bu təşkilat Ermənistanda onilliklər ərzində hakimiyyətdə olmuş cinayətkarların fəaliyyətinə, onların qanunsuz əməllərinə, öz ölkəsinin vətəndaşlarına qarşı təzyiqlərinə, başqa xalqlara qarşı terror və soyqırımı siyasətinə heç bir ciddi cəza tədbiri həyata keçirməyib. Ona görə də bu təşkilatın obyektivliyi, ədaləti müdafiə etməsinə ciddi və əsaslı şübhələr var. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş oyuncaq rejimin “seçki şousuna” səssiz qalması bu şübhələri, inamsızlığı daha da gücləndirdi.”

Milli Məclisin deputatı bildirb ki, Azərbaycan gənc və müstəqil dövlət olaraq qarşısında duran bir sıra vəzifələri uğurla həll etməyə müvəffəq olub:

“İndi ölkənin həll etməli olduğu əsas məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun ədalətli həllinə nail olmaq, ərazi bütövlüyünü bərpa etməkdir”.