Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana layiq olduğu ən ağır sanksiyaları tətbiq etməlidir

Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, hər kəs Ermənistanın yürütdüyü təcavüzkar siyasətinə dur deməlidir, Azərbaycanın haqlı səsinə səs verməli və təcavüzkara layiq olduğu ən ağır sanksiyaları tətbiq etməlidir.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Bu təxribat ilk hadisə deyil, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olublar. Qəflətən Azərbaycan hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralanan həbçilərimizə isə acil şəfalar diləyirəm.

Deputat vurğulayıb ki, baş verənlərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır və Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Onun sözlərinə görə, KİV-də yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Ordumuz tərəfindən həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Əks-tədbirlər çox adekvat xarakter daşıyıb, təcavüzkarın təxribatına qətiyyətli cavab verilib.

“Bu reallıqları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırarkən bir neçə məqamı xüsusi qeyd etməliyik. Tovuz rayonu Dağlıq Qarabağ və ətraf rayonlarla sərhəddə yerləşmir bu da o deməkdir ki Ermənistan öz işğalçılıq siyasətini qanunsuz işğal edilmiş ərazilərdən əlavə digər bölgələrimizədə tətbiq etmək arzusundadır. Lakin Aprel döyüşləri və ordumuzun son əks-tədbirləri onlara dərs olsun. Həmçinin Tovuz rayonunun ərazisindən Avropa İttifaqına daha dəqiq desək İtaliyaya ixrac olunan enerji kəmərləri keçməkdədir. Bu hadisə ilə bağlı İtaliya rəsmilərinin Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını eşitdik və həmçinin bir çox Avropa rəsmiləri öz enerji təhlükəsizliklərindən bəhs etdi, maraqlıdır Ermənistanın bu təcavüzkar siyasətini görən və Avropanın sərhəddində baş verə biləcək müharibənin onların enerji təhlükəsizliklərinə ağır təsir göstərə biləcəyini dərk edən Aİ niyə təcavüzkara qarşı layiqli ağır sanksiyalar tətbiq etmir? Axı onların enerji təhlükəsizliyinin təmini üçün onlara o enerjini göndərən dövlətin, yəni Azərbaycanımızın ərazi bütövlüyü prinsipi tam təmin edilməlidir” , – deyə Jalə Əhmədova diqqətə çatdırıb.