Biləsuvar rayonunda yeni nasos stansiyası istifadəyə verilmişdir

11

 

Biləsuvar rayonunun Ağalıkənd kəndində yeni nasos stansiyası istifadəyə verilmişdir.
Xalq.az  xəbər verir ki, rayonda əkin dövriyyəsi 38,9 min hektar sahəni əhatə edir. Son illər məhsuldarlığın artırılmasına xidmət edən meliorativ tədbirlər gücləndirilmiş, hidrotexniki qurğular, suvarma kanalları və nasos stansiyaları əsaslı şəkildə yenidən qurulmuşdur. Biləsuvar rayon suvarma sistemləri idarəsi son bir ildə yeddi yeni nasos stansiyası tikmişdir ki, bu da 10 min hektar sahənin suvarma suyu ilə təminatını əsaslı şəkildə yaxşılaşdırmağa imkan yaratmışdır.
Bu faktlar Ağalıkənd kəndindəki nasos stansiyasının açılışına həsr olunmuş mərasimdə səslənmişdir. Qeyd olunmuşdur ki, rayonda 22 min hektar əkin sahəsi öz axarı, 23 min hektar isə nasos stansiyaları vasitəsilə suvarılır. Yeni nasos stansiyalarının hamısı müasir avadanlıqlarla təchiz edilmişdir ki, bu da onların buraxılış gücünü artırmışdır.
Sonda mərasim iştirakçıları stansiyada yaradılan şəraitlə tanış olmuşlar.