Biləsuvar RİH-in qarşısında polisə xəsarət yetirilib

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib:

“Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib”.