Biləsuvarda Silahlı Qüvvələr Günü qeyd olundu

58

 

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə  və Milli Qəhrəman Mübariz  İbrahimovun qəhrəmanlığını  əks  etdirən “Mübarizlik  zirvəsi”  adlı  filmin  nümayişinə  həsr olunmuş  təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani,  Mədəniyyət  və Turizm  Nazirliyi “Yaddaş” sənədli   film  studiyasının  və  “Mübarizlik  zirvəsi” adlı  sənədli filmin  rejissoru Rəşad  Qasımov, rayonda yerləşən  N saylı hərbi hissənin zabit və əsgərləri,  hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Ordumuzun yaranmasının 96-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə geniş məruzə etdi. O bildirdi ki, “Ulu Öndərimiz Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı. Bu məktəblərin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş   Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.”
Çıxışının sonunda Mahir müəllim xidməti  fəaliyyəti  və  qəhrəmanlığı  ilə adı Azərbaycanın  tarix  salnaməsində  əks  olunan Milli  Qəhrəmanımız Mübariz  İbrahimova  həsr  olunmuş  “Mübarizlik  zirvəsi”  adlı  sənədli  filmin  ərsəyə  gəlməsində  əməyi  olan  insanlara, eyni zamanda  tədbirdə  iştirak  edən Müdafiə  Nazirinin  məsul işçisi  hörmətli  Abdulla  Qurbaniyə  və “Yaddaş”  sənədli  film  studiyasının, eyni zamanda  filmin  rejissoru  Rəşad  Qasımova   öz  adından və   bütün  biləsuvarlılar  adından  təşəkkurünü bildirdi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani Azərbaycanda ordu quruculuğunun yaranması və hazırda ordumuzun daha da güclənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi, Milli  Qəhrəman Mübariz  İbrahimova  həsr  olunmuş  “Mübarizlik  zirvəsi”  adlı  sənədli  film barədə öz fikirlərini bölüşdü.
Digər çıxış edənlər də ordumuzun gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin atdığı addımlardan geniş danışdılar.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov çıxış edərək Mübariz haqqında çəkilən filmə görə öz minnətdarlığını bildirdi.
Sonda Milli  Qəhrəman Mübariz  İbrahimova  həsr  olunmuş  “Mübarizlik  zirvəsi”  adlı  sənədli  filmə baxış keçirildi.