Binəqədi rayonunda açılış mərasimi keçirilib

XALQ.AZ xəbər verir ki, 4-6 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində gənclər üçün “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Yay Məktəbi” keçirilir.

Sentyabr ayının 4-də baş tutmuş Yay Məktəbinin rəsmi açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisinin Rezident nümayəndəsinin müavini Alessandro Frakassetti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Azərbaycanın BMT Modeli şəbəkəsinin və müxtəlif gənclər təşkilatlarının aktiv nümayəndələrindən ibarət iştirakçı heyəti layihə rəhbəri Məzahir Əfəndiyev iştirak etmişdir.

Yay Məktəbi çərçivəsində müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İştirakçılara təlim vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında ətraflı və geniş məlumat veriləcək, BMT Könüllülər Proqramı haqqında təqdimat baş tutacaqdır. Yay məktəbinin əsas məqsədlərindən biri gənclərin DİM haqqında biliklərini artırmaq, onların bu məqsədlərə nail olmaqda iştirakı, verə biləcəyi töhfə haqqında müzakirə aparmaq və maarifləndirməkdir.

Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır.

 

 

 

Orxan