“Bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər” – Deputat

1587025292.eliabbas

Azərbaycanın dünyada koronavirusla mübarizədə az sayda nümunəvi ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət və görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu sahədə vəziyyət nəzarət altındadır. Azərbaycan koronavirusla mübarizəyə beynəlxalq müstəvidə də töhfə verən ölkələrdəndir. Bütün bunların fonunda əldə olunan nəticələrə kölgə salmaq yolverilməzdir. Özü də bunu cənab Prezidentin inanıb etimad göstərdiyi məmurlar edirsə…


“Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur”.

Bunu Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Prezidentin çıxışına diqqətlə qulaq asıb belə nəticəyə gəlmək olar ki, dövlət başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurlar, eyni zamanda, öz davranışları ilə insanların hörmətini qazanmalıdır. Məmurlar təvazökar olmalıdır, həm işdə, həm məişətdə, həm özləri, həm yaxın qohumları. Məmurlar insanları qıcıqlandıra biləcək addımlar atmamalı, özlərini hamıdan yuxarıda hiss etməməlidir. Dünənki videoqəbulda Prezidentin çıxışını xatırlayaq:

“Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.


Sonda bir daha hamını məsuliyyətli olmağa çağırıram. Dövlətimiz tərəfindən vətəndaşların sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Hüquqi bazanın yaradılması məqsədilə qanunvericilikdə dəyişiklik edilib və müəyyən cəza tədbirləri nəzərdə tutulub.

Kimliyindən asılı olmayaraq, qanunları pozanlar, qaydalara riayət etməyənlər mütləq cəzalarını alırlar və bundan sonra da alacaqlar.


Əliabbas Salahzadə,
Milli Məclisin deputatı