“Bir millət iki dövlət” adlı tədbir keçirilib

 

63

Tovuzda Ermənistanla ön cəbhədə “Bir millət iki dövlət” tədbiri keçirilib.

Xalq.az xəbər verir ki, tədbirdə millət vəkili  Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı  iştirak ediblər. Azərbaycan  və  Türkiyənin ümummili lider Heydər Əliyevin dediyi kimi  “bir millət iki dövlət” olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyədə əməkdaşlığın olduğunun sevindirici olduğunu qeyd edib:

“Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən  “Şərq tərəfdaşlığı” konfransı çərçivəsində Prezident cənab İlham Əliyevin  Ermənistan  prezidenti  Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialarına “Türkiyə burda yoxdur, amma mən varam” cavabı verməsi  və verdiyi tutarlı cavab  türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını  və  beynəlxalq  aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu”, – deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan prezidenti cənab İlham Əliyevin bu çıxışının təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnək olduğunu deyib.

Harada yaşamasından harada doğulmasından asılı olmayaraq bütün Türk gəncliyi qondarma “erməni soyqırımı”, Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətin diqqətinə daha geniş çatdırılması üçün səy göstərməlidir.

Çıxışının sonunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri  Seyid  Əhməd  Arslana, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı ön  cəbhədə hərbi hissədə əsgər və hərbçilərmizlə bu cür tədbirdə iştirak  etdiklərinə və hər zaman fəaliyyətlərində Azərbaycanı Türkiyədən ayırmadıqlarını, iki qardaş ölkə arasında  əlaqələrin inkişafı üçün çalışdıqlarından ötrü  təşəkkür edən millət vəkili Qənirə Paşayeva “inşallah  bu cür  tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da keçirək”.

Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən  Tovuz rayonu, onun  insanlarının  müharibə  dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və  Milli Qəhrəmanları haqqında məlumat verərək  deyib ki,  harada doğulub harada yaşamasından asılı olmayaraq bu arzu, inam və məqsəd bu gün bütün azərbaycanlıların, bütün Azərbaycan türkləri üçün ən önəmlidir.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu  və  bu  tədbirin önəmli olduğunu qeyd edib.

Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan bu cür tədbirlərin işğaldan azad edilən Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu deyib.

TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı TRT kanalının hər zaman Azərbaycan həqiqətlərinin təbliği,  Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində daim fəaliyyət göstərdiyini, qardaş Azərbaycanın yanında olduğunu deyib.

Tovuzda ön cəbhədə olmaqdan, əsgər və hərbiçilərlə görüşdən  məmnunluğunu ifadə edən TRT Bakı ofisinin rəhbəri  Tovuz, bu istiqamətdə  ön cəbhəmizi qoruyan dəyərli əsgər və hərbiçilərimizlə bağlı da elə bu gündən başlayaraq həm canlı  bağlantılar, həm də süjetlər şəklində təkcə Türk Dünyasına deyil, dünyanın hər yerinə yayacaqlarını deyib.

Tədbirin sonunda  millət vəkili Qənirə Paşayeva və hərbi hissənin rəhbərliyi  Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri  Seyid  Əhməd  Arslana, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcıya Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun bir əsgəri kimi hiss edəcəksiniz. Dünyanın harasında çalışmanızdan asılı olmayaraq hər zaman Azərbaycanı, onun həqiqətlərini də təbliğ edəcək və özünüzü hər zaman Azərbaycan ordusunun əsgəri kimi hiss edəcəksiniz”.

Azərbaycan əsgərinin formasını geyinən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri  Seyid  Əhməd  Arslana, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı bu həyatımızda  aldığımız ən gözəl hədiyyələrin önündə gəlir deyərək  bundan  çox duyğulandıqlarını  bildiriblər və  hər zaman Azərbaycanın və ordusunun yanındayıq və bundan qürur duyurur və duyacağıq deyiblər.

Sonda xidmətində fərqlənən əsgər və hərbçilərimizə qiymətli hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar və Azərbaycan həqiqətlərinə dair material, kitablar hədiyyə edilib.

 

64