Bir millətin iki dövlətinin bir başçısı kimi

Ilham-7

Dünyada yaranmaqda olan yeni təhlükəsizlik sistemi, eləcə də güclərin özlərini yenidən qiymətləndirməsi fonunda dövlət başçıları, xüsusilə də müstəqillik yaşı o qədər də çox olmayan təzə dövlətlərin rəhbərləri xarakter nümayiş etdirməli olurlar. Yəni sovet hərbi atalar sözündə deyildiyi kimi. “İlk gündən döşəmə yumusansa, sonadək yuyacaqsan”. Azərbaycan prezidenti öz xarakterini hər şans düşəndə nümayiş etdirir. Bu dəfə isə o Praqada Sarkisyana onun təhkim olunduğu döşəməni də göstərdi.

Azərbaycan Prezidentinin bu səfər zamanı da ortaya qoyduğu siyasi-diplomatik davranış, həmin arxayın manera, onu ilk növbədə müstəqil dövlət başçısı kimi yenidən diqqət mərkəzinə çıxardı. Əlbətə İlham Əliyev burada keçirdiyi görüşlərdə sakit və soyuqqanlı, tutarlı mövqe sərgiləməklə, ilk cəhddə də göstərmişdi ki, müstəqil dövlət başçısı olaraq doğrudan da heç bir böyük və ya ortancıl qardaşdan asılı deyil. Amma xüsusilə yekun çıxışı hər şeyi öz adı ilə çağırmağa əsas verir. Ən maraqlısı isə budur ki, məhz Azərbaycan liderinin çıxışı fonunda Ermənistan başçısının əslində başçı olmadığı, ayaqçı, peysərçi və s. olduğu üzə çıxdı.

Azərbaycan prezidenti onu hansı dövlətlərin bu saat əhatə etdiyinin, deyə biləcəklərinin risk dərəcəsinin fərqinə varmadan öz sözünü dedi, ölkəsinin başlıca probleminin nədən ibarət olduğuna diqqəti çəkməyi bacardı. Və nəinki özünü, hətta müstəqillik yaşına görə Azərbaycandan çox irəlidə olan Türkiyəni belə müdafiə etmək missiyasının altına girdi. Müstəqilliyin bundan da nümayişkaranə təqdimatı olmaz ki.

Bu uğur idi. Diplomatik məharət idi. Türkiyə doğrudan da şahidi oldu ki, İlham Əliyev özünü bir millətin iki dövlətinin başçısı kimi təqdim etməyi bacarır. Serj Sarkisyan isə özünün bəstə boyu ilə bir daha göstərdi ki, başqasının kölgəsində uca olmaq mümkün deyil. Azərbaycan prezident heç də təsadüfən uca, Ermənistan prezidenti isə təsadüfən alçaq deyil. Yəqin yeri var.