Birinci vitse-prezident xalqa müraciət etdi

Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var!

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa bugünkü müraciətində bildirib.

“Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “Həqiqətənmi hər şey belə ciddidir?”, “Bizi nə gözləyir, sonumuz necə olacaq?”. Və ən əsas sual: “Epidemiya nə vaxt bitəcək?”. Bu “dəhşətli hadisə”nin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?

Açığını deyim ki, bu sualların cavabları heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız vəziyyətin olduqca ciddi olduğunu və hər birimizdən, bütün yaş təbəqələrindən olan vətəndaşlarımızdan maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb etdiyini şərtsiz qəbul etməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!” – Mehriban xanım qeyd edib.