Birlikdə bundan sonra da böyük işlərə imza atacağıq

Millət vəkili Q.Paşayevanın böyük enerji layihələri və enerji təhlükəsizliyi mövzusunda ünvanladığı sualına cavabında Gürcüstanın baş naziri Azərbaycan yaxın strateji tərəfdaşımızdır və birlikdə bundan sonra da böyük işlərə imza atacağımıza inanıram deyib.

XALQ.AZ xəbər verir ki, bu gün AŞPA-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib və sualları cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayevanın Gürcüstan baş nazirinə Azərbaycan rəhbərliyi ilə həyata keçirilən böyük enerji layihələri və enerji təhlükəsizliyi mövzusunda ünvanladığı sualın cavabında baş nazir Azərbaycan yaxın strateji tərəfdaşımızdır və birlikdə bundan sonra da böyük işlərə imza atacağımıza inanıram deyib. Millət vəkili Q.Paşayeva baş nazirə sualında bunları deyib: “Müstəqilliklərini bərpa edəndən bəri Azərbaycan və Gürcüstan dövlətləri tarixi dostluqlarını daha da möhkəmləndirib və güclü əməkdaşlıq qurublar. Qarşılıqlı möhkəm etimada əsaslanaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və son dövrlərin Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihələri uğurla həyata keçirilib. Bu gün bu əməkdaşlıq Türkiyə ilə birlikdə Xəzər hövzəsindən karbohidrogen ehtiyatlarının Avropa bazarına təhlükəsiz daşınmasını təmin edir. Necə düşünürsünüz, bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfə verə bilərlər?” Gürcüstanın Baş naziri Mamuka Baxtadze suala cavab olaraq bildirib ki: ”Gürcüstanın və Azərbaycan yaxın strateji tərəfdaşlardır. Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələri həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından daha çox bəhrələnməklə, Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq”.

 

Orxan