“Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik”

“Cənab Prezident İlham Əliyevin şəxsən birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartların şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etməsi Azərbaycanda hər bir vətəndaşa, şəhid ailəsinə olan diqqət və qayğısının bariz nümunəsidir”.

 

XALQ.AZ xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

N.Həmzəyev deyib ki, Vətən yolunda özlərinə əbədiyyət heykəli ucaldan şəhidlərimiz xalqımızın qəhrəmanlıq tarixində daim yaşayır və xatırlanır.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin dediyi kimi “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar:

“Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”.

Deputat qeyd edib ki, Vətən və xalq naminə şəhid olan Vətən övladlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir:

“Cənab Prezident tərəfindən bu istiqamətdə mütəmadi imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, bu sahəyə göstərilən diqqətin bariz nümunəsi kimi içtimaiyyət tərəfindən  təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması davamlı xarakter daşıyır.
Bildiyiniz kimi, şəhid ailələrinə diqqət və qayğının daha bir bariz nümunəsi Prezident Sarayında ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu gün şəhid ailələri ilə görüşü oldu. Görüşdə Prezident seçildikdən sonra ilk fərmanı məhz şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu qeyd edən cənab İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını da vurğulayıb”.

 

Orxan