Biz özümüz onların cəzasını verəcəyik-Prezident

“Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək”.

XALQ.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Cəbrayılı da təslim etmək istəmirdi: “İndi Cəbrayıl istiqamətində də srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirilibdir. Strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq.

“Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər”.

Dövlət başçısı qeyd edib ki, atəşkəs elan olundu, ondan bir gün keçmədi, Gəncəni bombaladılar: “Özü də haranı – yaşayış massivlərini. Bu gün də haranı vurdular – yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, çox insan həlak olsun. Bu, insanlığa qarşı cinayətdir və əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

“Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb. Bir dənə də salamat bina qalmayıb. Çünki 30 il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi”.

Prezident bildirib ki, bütün binalar, dini abidələrimiz sökülüb, hər şey talan edilib: “Evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir. Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq, necə ki, vaxtilə ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün, necə gözəl məkandır. Füzuli Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərlə füzulililər yaşayır və deyə bilərəm ki, bu gün qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin hardasa yarısı məskunlaşıb. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndləri azad edilib və ora həyat qayıdacaq. Onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar. Öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk və mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənini Azərbaycan özünə qaytarır. On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi”.