Bizi qoruyan ordunun uğurlarını biz qorumalıyıq

6

 

Ön söz əvəzi

 

Son vaxtlar əksər kütləvi informasiya vasitələrində Müdafiə Nazirliyinin sabiq rəhbərliyinə qarşı aparılan qara piar kampaniyası artıq  bir sıra vacib məqamlarda özünün mənfi effektini nəzərəçarpacaq dərəcədə göstərməkdədir. Bu kampaniya ictimai fikirdə uzun müddət ordu quruculuğu sahəsində əldə olunan uğurlarla bağlı formalaşan ümumi rəyi həm qısa zaman kəsiyində, həm də kəskin şəkildə əhalinin adət etmədiyi məcraya yönəltməklə onları, bir növ,  illüziya xarakteri anlamına gətirir: insanlar zaman-zaman cənubi Qafqazın ən mobil güc mərkəzi kimi xarakterizə etdiyimiz ordu məkanına maraqları toqquşan bir sıra güclərin  daxili dartışması nəticəsində zorla korrupsiya, özbaşınalıq, hərc-mərclik və anarxiya məkanı kimi baxmağa sürüklənir. Müharibə şəraitində yaşayan bir ölkə üçün bunun nə qədər təhlükəli və bağışlanmaz addım olduğunu sözlə ifadə etmək çətindir. Ən əsası isə, təməli  ümummilli liderimiz tərəfindən qoyulan Silahlı Qüvvələrimizin gündən-günə artan  imici məhz bu çəkişmələrin ümumi fonunda öz əvvəlki mövqeyini süni şəkildə kəskin itirə bilər.

Axı unutmaq olmaz ki, bir vaxtlar əhalinin orduya olan inamını «ayağa qaldırmaq»dan ötrü ulu öndərimizin rəhbərliyi altında az qala on ildən artıq vaxt itirmişdiksə, bundan sonrakı mərhələdə o inamı yenidən bərpa etmək üçün daha çox – ikiqat artıq zaman lazım gələcək. Bu isə faktiki olaraq ordunun ən azı yarım əsrə bərabər tənəzzülü deməkdir. O üzdən adı çəkilən güc strukturunda aparılan islahatların, antikorrupsiya əməliyyatlarının, tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrinə bu sayaq açıq olması məsələsi günün narahatlıq doğuran ən aktual mövzusu olaraq qalmaqdadır. Adamda belə təsəvvür yaranır ki, kim(lər)sə kim(lər)dənsə qisas almaqdan ötrü şəxsi mənafeyi naminə sanki dövlətin bel sütunu sayılan ordumuzun bütün sirlərini kütləvi informasiya vasitələrinə satmağa, yaxud sadəcə ötürməyə hazırdır. Burada mənbəyi və mənşəyi  kifayət qədər narahatlıq doğuran informasiyaların yer alması isə, əslində açarı sınmış, yaxud qəsdən sındırılmış uğursuz  informasiya siyasətinin bariz nümunəsidir. Məhz belə olan halda informasiya siyasəti öz həqiqi mahiyyətini itirir, bir şəkildən başqa şəklə düşür və ucuz şouya çevrilir…

 

Əslində ordumuzda vəziyyət necədir

 

Ümummilli liderimizin xalqın təkidli tələbilə ikinci dəfə hakimiyyət sükanı arxasına keçməsi həyatımızın bütün sahələrində olduğu kimi, Silahlı Qüvvələr quruculuğunda da əsaslı dönüş yaratdı. Qısa zaman kəsiyində başıpozuq silahlı dəstələr vahid mərkəzdən idarə olunan güc strukturunda birləşdirildi. Ayrı-ayrı siyasi partiyaların və onların liderlərinin mənafeyinə xidmət edən  əksər özünümüdafiə taborları ya ləğv edildi, ya da Müdafiə Nazirliyinin tabeliyinə keçirildi. Bütün bunların nəticəsində ordumuz nəinki özünə gəldi, həm də cəbhə xəttində düşməni darmadağın edərək geri çəkilməyə vadar etdi.

Bu müddət ərzində ulu öndərimizin diqqət mərkəzində dayanan ən ümdə məsələlərdən biri, bəlkə də birincisi, heç şübhəsiz, kadr məsələsi idi. Ölkənin müdafiə mərkəzinə layiqli bir namizədin axtarıb tapılması həyati əhəmiyyət kəsb edirdi. Vaxt isə gözləmirdi. 1993-1995-ci illərdə Dadaş Rzayevin, Vahid Musayevin və Məmmədrəfi Məmmədovun nazir postuna təyinatı nəinki  özünü doğrultmadı, həm də heç bir yenilik və islahatlarla yadda qalmadı. Belə bir vaxtda, çox qısa  zaman çərçivəsində 1993-cü ilin  iyun-avqust aylarında Müdafiə Nazirliyinə rəhbərlik etmiş Səfər Əbiyev çoxsaylı namizədlər arasında ən reytinqlisi kimi tanınırdı. Ulu öndərimizin məhz Səfər Əbiyevə etimad göstərməsi isə  təsadüfi xarakter daşımırdı. O özünü peşəkar hərbçi, yüksək təşkilatsılıq qabiliyyətinə malik bir insan kimi göstərməyi bacarmışdı. Hadisələrin sonrakı inkişafı ümummilli liderimizin öz seçimində yanılmadığını bir daha sübut etdi. Əks təqdirdə onun Heydər Əliyev hakimiyyəti dövründə və ondan sonrakı müddətdə nazir postunda əyləşməsi qeyri-mümkün olardı. Elə Səfər Əbiyevin uzun müddət nazir postunda xidmət etməsi də məhz buradan qaynaqlanırdı.

Əsası ulu öndərimiz tərəfindən qoyulan ideya və prinsiplərin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrimizin həyatında çox ciddi islahatların,  quruculuq işlərinin yeni bir mərhələsi kimi meydana çıxdı. Azərbaycan Ordusu nəinki regionda, hətta beynəlxalq aləmdə kifayət qədər yüksək döyüş qabiliyyətinə malik güc mərkəzi kimi tanındı. Hərbi qanunvericilik aktlarında, hərbi qulluqçuların statusunda, nizamnamələrdə və s. edilən köklü dəyişiklər hərbi qulluqçuların maddi və sosial həyatında əsaslı dönüş yaratdı. Ordumuz beynəlxalq sülhməramlı əməliyyatlarda öz layiqli töhfələrini verdi.  Silahlı Qüvvələrimizin döyük qabiliyyəti maksimuma çatdırıldı. Hərbi hissə və birləşmələrin maddi-texniki təminatı günün tələbləri çərçivəsində quruldu.  Ən əsası isə, Azərbaycan Ordusunun tarixində ilk dəfə olaraq «Hərbi doktrina»mız həyata vəsiqə qazandı…

Həm ulu öndərimizin, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan bütün bu uğurlarda, heç şübhəsiz, ölkənin müdafiə sektoruna, demək olar ki, on doqquz il rəhbərlik etmiş general-polkovnik Səfər Əbiyevin də az xidmətləri olmamışdır. Sabiq nazirin ölkə başçısına, yürüdülən dövlət siyasəti kursuna hədsiz sədaqəti  onun adının Azərbaycan tarixində, bugunədək ən uzunömürlü   müdafiə naziri kimi yazılması ilə yadda qaldı. Elə yeni nazirin təqdimatı mərasimində Səfər Əbiyevə dövlət başçısı adından təşəkkür elan olunması da kifayət qədər ciddi mətləblərdən xəbər verir. Belə olan halda ona qarşı yönələn informasiya hücumlarının haradan və nə məqsədlə qaynaqlanması ciddi narahatlıq doğurur. Axı söhbət adi bir vətəndaşdan deyil, ölkənin müdafiə sektoruna 19 il rəhbərlik etmiş, istər regionda, istərsə də beynəlxalq aləmdə kifayət qədər tanınmış bir siyasi xadimdən gedir.

 

«Bu, yolverilməzdir»

Müəyyən səbəblər üzündən adının çəkilməsini istəməyən tanınmış hərbi ekspert də yuxarıda qeyd olunan məsələ ilə əlaqədar narahatlığını ifadə edərək bildirdi ki, sabiq müdafiə nazirinə qarşı aparılan informasiya siyasəti, əgər belə demək mümkünsə,  artıq etik normalar çərçivəsindən çıxıb. Bu hücumların analizi, sistemli xarakter daşıması və nəhayət, kütləvi informasiya vasitələrinə asanlıqla yol tapması onların haradan qaynaqlandığını müəyyənləşdirməkdə kifayət qədər ciddi mənbə rolunu oynaya bilər. Bütün bunlar sanki vahid bir mərkəzdən idarə olunur. Belə hücumları səbəbləri müxtəlif ola bilər. Məsələn, mən belə düşünürəm ki, Səfər Əbiyevin fəaliyyəti dövründə yalnız Ali Baş Komandan qarşısında hesabat verməsi, başqa sözlə desək, Prezidentən özgə heç kimi «tanımaması»  bəzi qüvvələri qıcıqlandıran və ona qarşı qaldıran məqamlardandır.  Ancaq unutmaq olmaz ki, Səfər Əbiyev Azərbaycan dövlətinin həyatında son dərəcə ciddi mövqeyə malik, strateji xidmətləri olmuş  siyasi personadır. Onu süni şəkildə, bilərəkdən gözdən salmagı, mənim fikrimcə, Azərbaycan dövlətinə vurulan zərbə kimi də xarakterizə etmək mümkündür. Xüsusilə regionda baş verən məlum hadisələr fonunda bu cur addımların fasadları ağır ola bilər. Mən belə təhdid və təzyiqləri ən azı Azərbaycanın indiki reallığında qətiyyən məqsədəuyğun saymıram. O üzdən Səfər Əbiyevə qarşı aparılan qara piar kampaniyasını yolverilməz hal kimi dəyərləndirirəm.

 

 

Son söz əvəzi

 

Azərbaycan Silahlı Qüvvələrinin gündən-günə artan döyüş qabiliyyəti, Cənubi Qafqazın ən mobil bir güc mərkəzinə çevrilməsi istər regionda, istərsə də beynəlxalq aləmdə maraqları toqquşan bir sıra gücləri qıcıqlandıran məsələlərdəndir. Ordumuzun, xüsusilə düşmənin daim diqqət mərkəzində olması, hərb sahəsində aparılan möhtəşəm quruculuq işlərinin davamlı şəkildə izlənməsi də günümüzün danılmaz reallıqlarındandır.  Elə məhz buna görə də müvafiq sahə haqqında yürüdülən hər bir fikir dərindən analiz edilməli, xalqın və dövlətin mənafeyi qorunmalıdır. Əks təqdirdə indiyədək yalnız başda ulu öndərimiz olmaqla, Azərbaycan Prezidenti cənab İlham Əliyevin deyil, həm də istər Səfər Əbiyevin, istər Zakir Həsənovun, istərsə  də  yüz minlərlə insanın ağır zəhməti bahasına əldə etdiyimiz hərbi uğurları şübhə altına ala bilərik. Bu isə bizim düşmən qarşısında ən böyük məğlubiyyətimiz olardı…

Ə. ƏMİRZADƏOĞLU