Bizim mövqeyimiz dəyişməz olaraq qalır.

tamam

Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq…Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır.” Bu fikirlər Cənab Prezident İlham Əliyevə məxsusdur. “Əl-Cəzirə” televiziya kanalına Cənab Prezidentin müsahibəsinə münasibət bildirən millət vəkili Tamam Cəfərova belə deyib.

Millət vəkili qeyd etmişdir ki Cənab Prezident “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Azərbaycanın əks-hücum əməliyyatlarının başlamasının səbəblərini, məsuliyyətinin Ermənistan üzərinə düşdüyünü faktlarla, ardıcıllıqla izah edir, 28 il danışıqlar prosesinə sadiq qalan Azərbaycana başqa seçim buraxılmadığını bildirir.
Cənab Prezident beynəlxalq ictimaiyyətə bir daha çatdırdı ki, münaqişənin həlli üçün hüquqi çərçivəmiz və beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Çünki təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir. Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Açıq danışıqlardan qaçan Ermənistan hökuməti münaqişə boyunca müxtəlf təxribatlarla danışıqlara əngəl törədib.
“Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər, yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər”, “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Cənab Prezident belə deyib. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermis Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhkir edir. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən qeyri-ciddi, sərsəm bəyanatlarda da öz əksini tapır. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir. Danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.
Ermənistanın Azərbaycana qarşı təxribatları bu faktlarla bitmir. “Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər”. Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir.
Nəhayət, həyasızlığın son həddi olaraq, Ermənistanın baş naziri Azərbaycan qarşısında 7 şərt qoyur. “Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz”. Bu sözlər Prezident İlham Əliyevə məxsusdur.
Çox təəssüf ki, ikili standartlar davam edir və 30 ildir ki, beynəlxalq qətnamələr kagız üzərində qalır. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamışıdır. Azərbaycan bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əlehinədir. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Lakin, eyni zamanda onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin, ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki, regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Cənab Prezident müsahibəsində xüsusi vurğuladı ki, Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb: “Türkiyə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu dəstəyi hiss edirik. Türk qardaçlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq”.
Azərbaycanın Ermənistandan fərqli olaraq heç bir köməyə ehtiyacı yoxdur. Nə ediriksə, özümümüz edirik. Azərbaycan ordusunda kifayət qədər insan var, ehtiyatda kifayət qədər insan var. Qismən səfərbərlik elan edilib. Əgər ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan var. Hələlik buna ehtiyac yoxdur.
Ermənistanın Baş Nazirinin “yeddi şərti”nin əvəzində sülhə nail olmaq üçün bizim yeganə şərtimiz var: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bizim mövqeyimiz dəyişməz olaraq qalır.

QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!