“Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır”

“Dünya birliyi Ermənsitanın çirkin, bölücü və təcavüzkar siyasətini tanıyır və bilir. Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır.”

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva deyib.

“Bildiyimiz kimi işğalçı Ermənistanın silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd etmişlər. Baş vermiş erməni təxribatı Ordumuz tərəfindən layiqincə cavablandırılmışdır. Lakin döyüş nəticəsində ordumuzun 4 hərbi qulluqçusu şəhid düşmüş, bir çoxu yaralanmışdır.

Hazırda dünyanın pandemiya ilə mübarizə apardığı bu çətin dövrdə, fürsətdən istifadə edərək işğalçı Ermənistan dövləti öz çirkin siyasətindən əlçəkmir ki, əlçəkmir. Dünya bir daha açıq-aşkar erməni-faşist düşüncəsinin şahidi oldu.

Bildiyimiz kimi ötən həftə Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev ölkədə yerli televiziyalara verdiyi müsahibəsində  Qarabağ məsələsinə və bəzi məqamlara toxunmuşdur: “Bilirsiniz ki, Azərbaycan dövlətinin növbəti təşəbbüsü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar olmuşdur. Qeyd edim ki, bu təşəbbüs dünya miqyasında yüksək qiymət və dəstək aldı. 130-dan çox ölkə Azərbaycanın bu təşəbbüsünü alqışlamışdır. Fikir versəniz görərsiniz ki, xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Bəs yaxşı bu nə ilə əlaqədardır? Təbii ki, burada Azərbaycana qarşı nifrət, həmçinin özünü dünyada təcrid etməsi açıq şəkildə görünür” .

“Bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür.”

“Digər tərəfdən koronavirusla mübarizədə birgə fəaliyyətə həsr edilməsi nəzərdə tutulan BMT xüsusi sessiyasının əleyhinə çıxmaqla Ermənistan özü-özünü pis vəziyətə saldı, dövlətin əsl mahiyyətini və mövqeyini göstərdi. Beləcə də dünya onların əsl simasını gördü. Burada təbii ki, Ermənistan gördü ki, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq və beləcə etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.”

Ermənistanın istəyi münaqişənin nəticələrini aradan qaldırmaq, ordusunu işğal edilmiş ərazilərdən çıxarmaq yox, gərginliyi daha da artırmaq, yeni mövqelər ələ keçirmək, ümumilikdə danışıqlar prosesinə tamamilə mane olmaqdır və bu məqsədini açıq şəkildə nümayiş etdirir.

Ali Baş Komandan bir daha qeyd etdi ki, “Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.”

Ermənistan bütün beynəlxalq normaları pozur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. ATƏT-in Minsk Qrupu bu məsələyə dair ciddi mövqeyini ortaya qoymalıdır.

Ermənistanın baş naziri “Qarabağ Ermənistanındır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi.

Qeyd edim ki, Ermənistan törətdiyi təxribatı ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.

Dünya birliyi Ermənsitanın çirkin, bölücü və təcavüzkar siyasətini tanıyır və bilir. Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır. Bu gün Azərbaycanımızın yüksək döyüş qabiliyyətinə malik güclü və qüdrətli ordusu var. İşğalçı dövlət sarsılmış nüfuzunu qaytarmaq istəsə də özünü daha da bataqlığa sürüklüyür. Bu dəfəki əməlləri 2016-ci ildəki Aprel döyüşlərini və 2018-ci ildə Günnüt əməliyyatındakı biabırçı məğlubiyyətlərini onlara bir daha xatırlatdı. Nədənsə bu günkü hadisələr məni, Ermənistanı İvan Andreeviç Krılovun “Moskasına” bənzətməyə vadar etdi. Heçnə edə bilməyəcəyini bilə -bilə özündən güclüyə hürüyür ki, uzaqdan güclü görsənsin, öz zəifliyini ört basdır etsin…….

Mən, cəbhədə vuruşan vətən övladlarına can sağlığı diləyir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  Şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyirəm!”