“Bizim səhv və məsuliyyətsizlik etmək imtiyazımız yoxdur”

“İnsan fəaliyyətinin müxtəlif sferalarında tətbiq olunan yüksək texnologiyaların təəssüf ki, neqativ fəsadları da var.

Bugün həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Günün xəbərlərindən tutmuş istehlak məhsullarınadək hər şeyi qlobal şəbəkə vasitəsilə əldə edirik. Xidmət sferasının yeni-yeni sahələri internet müstəvisinə keçir və Covid-19 pandemiyası ilə bu proses daha da sürətlənib. İnformasiya, təbliğat, ideoloji mübarizə kontekstindən baxanda da internetin gətirdiyi yeniliklər var. Ancaq bu yeniliklər heç də hər zaman pozitiv rol oynamır. Məsələn, sosial şəbəkələr çox vaxt neqativ informasiya axını, “feyk” xəbərlər və rəqəmsal təxribatlar üçün əlverişli müstəvidir. Biz bunu Ermənistanla sərhəddə hərbi əməliyyatların getdiyi dövrdə daha aydın gördük. Bu baxımdan hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciəti həm zaman, həm də problemin əhəmiyyətinə görə olduqca aktualdır”.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Millət vəkili hesab edir ki, son illər Azərbaycan vətəndaşının ölkədə və dünyada izlənən hadisələrə dair görüşlərində ciddi dəyişikliklər baş verib. Belə demək mümkündürsə, vətəndaş siyasi baxımdan daha da yetkinləşib. Bu səbəbdəndir ki, sosial şəbəkələr vasitəsilə insanların təxribata çəkilməsini hədəfləyən niyyətlər uğur qazana bilmir. “İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlar bizim üçün əyani sübutdur. Cəbhə xəttində döyüşlər gedir, paralel olaraq internetdə təxribatlara əl atılır. Bunu edənlər həm ermənilərdir, həm onlara havadarlıq edən bir sıra xarici dairələrdir, həm də çox təəssüf ki, “sapı özümüzdən olan baltalar”. Mehriban xanım Əliyeva da müraciətində vurğulayır ki, insan öz vətəninə, xalqına, ordusuna nə qədər mənfi münasibət bəsləməlidir ki, belə addımlara əl atsın” – deyə E.Allahverdiyev bildirib.

Deputat hesab edir ki, belə təxribatların uğur qazanmamasının bir neçə səbəbi var: “Birincisi, vətəndaş dövlətinə inanır və etibar edir. Müharibə şəraitində bu, çox vacib faktordur. İkincisi, ordumuza inam böyükdür. Silahlı Qüvvələrimiz tam peşəkardır. Həm müasir silah-sürsat sarıdan, həm də hərbi heyətimizin professionallığı baxımdan. Bilirsiniz, vətəni sevən heç kim düşmən qarşısından çəkilməz. Ancaq burada onun professional hazırlığının önəmi var. Düşmən qarşısında canlı sipər də qurmaq olar, düşmənə layiqli cavab vermək də. Vətəndaş görür ki, ordusu düşməndən qat-qat güclüdür, o səbəbdən əsgər və zabitlərimizə hədsiz inam var. Yəni o təxribat xarakterli məlumatlarda nə deyilir deyilsin, sıravi azərbaycanlı bilir ki, ordusu erməniyə bir qarış belə torpaq verməz”.

E.Allahverdiyevin fikrincə, Dağlıq Qarabağ və ətraf rayonlarımızın itirilməsində bu xarakterli təxribat və şaiyə şəbəkəsinin ciddi rolu olub, yoxsa erməni bizim torpaqları heç vaxt işğal edə bilməzdi. “Əhalinin kütləvi şəkildə yaşayış yerlərini tərk etməsi, ordumuzun şişirdilmiş itkiləri, ərazi itkilərimiz barədə əhalidə qorxu və çaşqınlıq yaradan dezinformasiya mexanizmi o vaxt da var idi və ermənilər bundan istifadə edirdilər. Yəni indi dəyişən odur ki, bu mexanizm belə demək mümkündürsə, rəqəmsallaşıb. Ona görə də vətəndaşlarımız ayıq olmalı, belə təxribatlara nəinki inanmamalı, hətta vaxtında hüquq-mühafizə orqanlarımıza məlumat verməlidirlər. Ortada vətən, torpaq məsələsi var. Bizim səhv və məsuliyyətsizlik etmək imtiyazımız yoxdur” – deyə Milli Məclisin deputatı vurğulayıb.