Bomj həyatı yaşayan keçmiş direktor Göyçaya qaytarılır

Ötən əsrin 90-cı illərinin əvvəllərində qazanc dalınca Ukraynaya gedən və hazırda Mariupol şəhərinin parklarından birində “bomj” həyatı yaşayan Azərbaycan vətəndaşı, özünün dediyi kimi sovet dövründə sovxoz direktoru işləmiş Yusif Nağıyev doğulduğu Göyçay rayonuna qaytarılır.

XALQ.AZ xəbər verir ki, onun barəsində yerli saytlardan birində xəbərin dərc olunmasından sonra Azərbaycan səfirliyi və azərbaycan diasporunun nümayəndələri onunla maraqlanıblar. Bu haqda könüllü və fəal İnna Komissarova deyib.

Xatırladaq ki, Yusif Nağıyev “bomja” çevrildikdən sonra təsadüfi işlərdə işləməklə başını dolandırmağa çalışıb, küçələrdə gecələyib. Ötən ilin dekabrında ona Yeni il yolkasına qarovulçuluq etməyi tapşırıblar. Amma Nağıyevin ayaqlarını don vurub və həkimlər onun ayaqlarını amputasiya ediblər.

Ukraynada "bomj"a çevrilən keçmiş sovxoz direktoru Yusif Nağıyev Göyçaya qaytarılır - FOTO
Y.Nağıyev barədə xəbərin yayılmasından sonra ictimai təşkilatlar da bu evsiz-eşiksiz insana kömək etmək istəklərini bildiriblər. İnna Komissarova isə azərbaycan diasporu icması ilə əlaqə yaradıb, icmanın nümayəndəsi “bomja” baş çəkib. Onun Bakıya videozəngini təşkil ediblər və Yusif Nağıyev nazirliyin nümayəndəsi (hansı nazirlikdən söhbət getdiyi göstərilmir) ilə danışa bilib. Məlum olub ki, ona Azərbaycanda qohumları var və hazırda Nağıyevə Mariupoldakı diaspor nümayəndələri kömək edəcəklərini bildiriblər.

Amma Yusif Nağıyevi doğma Göyçay rayonuna qaytarmazdan əvvəl könüllülər onu Mariupol xəstəxanalarından birində müalicə etmək və yaxşıca yuyub-təmizləmək barədə razılaşıblar.

Beynəlxalq Qırmızı Xaçın nümayəndələri də bu problemlə maraqlanıblar. Bu gün təşkilatın nümayəndələri azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək və əlilə kompleks kömək məsələsi müzakirə olunacaq. Habelə ona sənədlər hazırlamaq məsələsi həll olunur.

 

 

Orxan