Böyükşor gölünün təmizlənməsi davam etdirilir

Nazir-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ilin I yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirmiş və hər bir sahə üzrə konkret tapşırıqlar vermişdir. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, investisiya qoyuluşunun hazırkı tempinin saxlanılması, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bütün əsas infrastruktur və sosial məsələlərin həll edilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi, kənd yollarının təmir və tikintisi, şəhər və kəndlərin içməli su ilə təminatının yaxşılaşdırılması, qazlaşdırmanın 95-97 faizə çatdırılması, TANAP, “Şahdəniz-2” layihələrinin icrasında yerli şirkətlərin iştirakı, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması, yaxın aylarda Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi və s. barədə tapşırıqlar verib.

2014-cü ilin “Sənaye ili” elan edilməsini ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi və Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı olduğunu qeyd edən Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən sənayenin inkişafı, o cümlədən sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması, sənaye istehsalının artırılmasına investisiyaların yönəldilməsi, texnoparkların yaradılması işlərinin davam etdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri olaraq qalacaqdır.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2014-cü ildə Şəmkirçay su anbarının istifadəyə verilməsi, suvarılan torpaqların uçotunun təkmilləşdirilməsi, iri taxılçılıq və fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqrar sahədə qabaqcıl ölkələrin təcrübə və texnologiyasının tətbiqi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması və bu sahədə dəqiqləşdirilmənin aparılması, əsas kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi və 100%-ə çatdırılması, yeni bazarlara çıxış imkanlarının araşdırılması, Avropa bazarlarına böyük həcmdə kənd təsərrüfatı məhsullarının çıxarılması, uzunmüddətli Məşğulluq Konsepsiyasının müzakirəsinə başlanması və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.

Nazirlər Kabinetinin iclasında ekoloji məsələlər də dövlət başçısının diqqətində olmuş, göllərin, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, torpaqların rekultivasiyası, Böyükşor gölünün təmizlənməsi layihəsinin davam etdirilməsi və 2015-ci ilin yayına qədər I hissənin istifadəyə verilməsi, yaxın aylarda Zığ gölünün təmizlənməsinə başlanılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında həmçinin, Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin, dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamından və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanından irəli gələn vəzifələrin aidiyyəti üzrə icra vəziyyəti geniş müzakirə olunub.