Brandenburq qapılarındakı tanklar…

Zahid

Almaniyanın Bild nəşri Bundestaqa müraciət göndərərək 1945-ci ildən “yadigar qalan” iki sovet T-34 tankının Berlindən-ölkənin paytaxtından götürülməsini tələb etiblər. Konstitusiayının verdiyi hüquqlardan yalnız indi yararlanmağa çalışan almanlar sözügedən monumental abidəni 2-ci dünya müharibəsindəki məğlubəyyətlərinin simvolu saydıqlarından və öz milli qürurlarının tapdalandığından deyil, Ukraynanın işğalına etiraz etdiklərindən belə kampaniyaya əl atıblar.

Doğrudur, son dövrlər hər kəs bacardığı qədər geri qayıdan soyuq müharibə ritorikasına töhfə verməyə çalışır və dirçələn rus xofunun qarşısını almaq üçün ideoloji-siyasi barrikadada yer tutmağa cəhd edir. Putinin hər cür karikaturaları və faşizmin baniləri ilə onu eyniləşdirilən siyasi portretləri Avropada onun demon-iblis obrazını yaradanların kütləvi bir hərəkatını meydana çıxarıb və günü sabah Brüsseldə,yaxud Varşavada antiKreml xalq manifestasiyaları keçirilsə, gərək təəccüblənməyəsiz. Görünür,rus prezidentin Sovetlər Birliyinin iflasını 20-ci əsrin ən böyük faciəsi adlandırmasını hələ uzun müddət Qərb aləmi ayaqda və ehtiyatlı hürküdə qarşılamaqda davam edəcək.

Berlində-məşhur Brandenburq qapıları ansamblının bir hissəsi olan məkanda 2-ci dünya müharibəsinin qalib sovet tankları öz zəfər yürüşü ilə tarixin səhifələrində və alman torpağında özlərinə yer ediblər. Faşizm bəlasının məhv edilməsində müstəsna yer tutan bu əzəmətli maşınlar ötən əsrin ortalarında düşmənə böyük zərbələr vurmağa və onun canlı-material qüvvəsini məhv etməyə imkan vermişdilər. Yalnız onu demək kifayətdir ki, Berlini ələ keçirən ilk 23-cü tank briqadası Hitlrein son qalasında siyasi-iqtisadi və sənaye potensialına həlledici zərbələrini vuraraq Reyxstaq üzərinə Qızıl Ordunun qələbə bayrağını sancmış və almanların təslimiyyətini rəmiləşdirmişdi. Ona görə də Berlin divarları çəkiləndə hamı bunu müharibənin qəniməti kimi ələ keçirilmiş bir ölkənin haqlı olaraq iki yerə bölünməsi saymışdı.İndi o ayırıcı tikanlı məftillər olmasa da Almaniyanın qanlı tarixini özündə əks etdirən müxtəlif simvollar bu günümüzə qədər öz statusunu və ideoloji-siyasi mənasını qoruyub saxlaya bilmişdir.

Vaxtilə soyuq müharibənin şiddətli dövrlərində indi T-34-ün lüləsinin tuşlandığı Şöneberq meydanında ABŞ prezidenti Çon Kennedi özünün əfsanəvi çıxışını edərək dünya liderlərinə və sovetlərlə vuruşan böyük siyasi ordulara misilsiz ruh yüksəkliyi, böyük mənəvi qida vermişdi. Hələ də kommunistlərlə işləməyin mümkünlüyünü düşünənləri pisləyən Amerika rəhəbəri barmağı ilə sərhəd divarlarını göstərib qardaşı-qardaşdan,ananı–övladdan ayıran bu idbar və antibəşəri “abidəni” qətiyyətlə pisləmişdi, hamının totalitar quruluşun amansız mahiyyətini dərk etməyə çağırmışdı. Etiraf etmək lazımdır ki,çox təsirli bir çıxışla Kennedi dünyada bütün antisovet dairələrinin məhəbbətini qazanmışdı. ”İki min il əvvəl hamı özünü “Romalı”yam deyə çağırırkən,bu gün harada yaşamağından asılı olmayaraq hər kəs “mən Berlinliyəm” deyə səslənməlidir”. Cəmi 6 ay sonra Birləşmiş Ştatların 35-ci prezidenti Texasda qatil gülləsinin qurbanı olacaq və ötən yüz ilin ən qaranlıq səhifəsinin baş qəhrəmanına çevriləcəkdi.

Doğrudanmı,indi sovet tanklarını rus hərbi ekipajları əvəz edə bilər və dünyanı mistik bir qanunauyğunluq idarə edir?Polşa prezidenti bütün Avropa ölkələrini birləşməyə çağırır. Latviya NATO təyyarələrindən havada “blok-postlar” qurub. Çexiya faşizmin ilk ayaq səslərindən diksindiyi ərəfəni xatırladır. Lakin heç kəs rus qazından,neftindən imtina etmir. Hələ heç bir Qərb dövləti və hətta ayrıca bir vətəndaşı belə fərdi mənafeyndən Ukrayna naminə geri çəkilmir. Siz Abramoviçin pullarından imtina edən ingilis komandalarını gördünüzmü, yaxud Herhard Şröderin imzasını geri çəkərək rus kontraktlarının dondurulduğunun şahidi oldunuzmu?

Bax, əsil müharibə onda olardı. Yoxsa, indi BERLİİNİN ECASKAR MƏNZƏRƏSİNİN KİÇİK VƏ HƏRƏKƏTSİZ BİR POSTAMENTİNƏ ÇEVRİLMİŞ İKİ TANKI ORADAN GÖTÜRMƏKLƏ RUSLA SAVAŞ APARMAQMI OLAR?MƏGƏR AVROPANIN TƏHLÜKƏSİZLİYİNİ TƏHDİD EDƏN ORADAKI TARİXİN BİR MİRASIDIR,YOXSA QƏRBİN DÜNYAYA BƏXŞ ETDİYİ DEMOKRATİK İNQİLABİ ZİREHLİ MAŞINLARIN TIRTILLARI ALTINDA ƏZİLƏN YÜZ MİNLƏRİN CƏSƏDLƏRİ? SAYSANIZ,2-Cİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏYATINA SON QOYULAN 1-Cİ MİLYONLUQ ŞKALA ARTIQ BAĞLANIB. İndi yeni hesab açılıb. Sözün elə hər mənasında!

Zahid ORUC
millət vəkili