BŞTİ-nin tabeliyində olan müəssisələr xeyriyyə aksiyaları keçirdi – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilir.

BŞTİ-nin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, yardım çərçivəsində məktəb kollektivləri xüsusilə yaxın ətrafda yaşayan ehtiyacı olan ailələri ərzaq və müxtəlif gündəlik tələbat malları ilə təmin edirlər.

Seçim zamanı əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə üstünlük verilir.

Qeyd edək ki, yardım göstərilən ailələr təkcə həmin məktəbdə təhsil alan şagirdlərin və çalışan işçilərin ailələri deyil. Bəzi məktəb kollektivləri ehtiyacı olan bütün ailələrin yardımdan yararlana bilməsi üçün ərzaq mağazalarında “Biz başladıq, siz davam edin!” adlı xüsusi vitrinlər hazırlayıblar.

Yardım aksiyalarının təşkil olunmasında əsas məqsəd COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək və cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdan ibarətdir.

XALQ.AZ