“Bu ərazidə yerləşən rayonların ərazilərinə su buraxmırlar”

mushfiq foto

“İllərdir müzakirə olunan müharibə su səbəbiylə ortaya çıxara bilərmi? Mütəxəssislər suyun müharibəyə səbəb olacağını düşünmürlər. Tamamilə dəyişdirilməyən bir mənbə olmaqla, su bütün canlılar üçün çox vacib bir təbii qaynaqdır. Son 20 ildə artan əhali və ehtiyacların diversifikasiyası qlobal su böhranına səbəb olsa da, ekspertlər bununla razılaşmırlar. Dünyanın sürətlə artan əhalisi və su tələbatı ilə iqtisadi, siyasi və ekoloji mövzularda mübarizə və qarşıdurmalar daha geniş yayılmış və ciddi ölçülərə çatmışdır”. 

XALQ.AZ-ın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, hazırda respublikamızda da ciddi şirin su qıtlığı var. Kür çayının quruması təhlükəsi ilə qarşı-qarşıyayıq. Tədqiqatçıların da irəli sürdüyü təkliflərə əsaslansaq deyə bilərəm ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsi və bu sahəyə yeni texnikalar, xaricdən mütəxəssislər cəlb edilməlidir. Həmçinin kadr hazırlığı da vacibdir. Digər vacib amil praktiki olaraq suyun təkrar istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyası da geniş tətbiq olunmasıdır. Bunun üçün adi çökdürmə üsulu kifayətdir. Eyni zamanda, mərkəzləşdirilmiş sexlərin yaradılması vacibdir. Belədə sərf olunan suyun miqdarına ciddi nəzarət də mümkündür. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması, daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət edilməsi və ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir. Təsərrüfatın bəzi sahələrində alternativ su mənbələrinin işlənməsi, dəqiq desək, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı sulardan istifadə problemi olduqca böyük əhəmiyyət kəsb edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hazırda regionun ən az şirin su ehtiyatına malik ölkəsidir. Halbuki, regionun ən böyük su anbarı Ermənistanın işğalına qədər Azərbaycanda yerləşirdi. Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su tutarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı vaxti ilə respublikanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir ərazi üçün həyat çeşməsi rolunu oynayırdı. Mənfur qonşularımızın Azərbaycana vurduğu ziyanlar sırasında həyati əhəmiyyət kəsb edən su anbarı işğal nəticəsində ermənilərin nəzarəti altına keçmişdir. Su anbarı ermənilərin nəzarətində altında olduğu üçün azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışırlar. Yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər bu ərazidə yerləşən rayonların ərazilərinə su buraxmırlar. Bu isə, təbii ki, öz mənfi təsirini göstərir. Kasıb kəndlinin əzab-əziyyəti suyun olmaması səbəbindən hədər gedir. Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda ermənilər Sərsəng su anbarından maksimal həcmdə su buraxırlar və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarır. Uzun illər ərzində bu vəziyyətin davam etməsi regionda bitki və yaşıllığın məhvinə səbəb olub.

“Ən pis hal isə odur ki, bütün bunlar torpağın bioloji strukturunda bərpası mümkünsüz olan proseslərin baş verməsinə və ən nəhayət, ciddi ekoloji gərginliyə gətirib çıxarıb. 25 ilə yaxın bir müddətdir tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalmış, texnogen qurğuların əksəriyyəti sıradan çıxmış və hazırda son dərəcə təhlükəli bir vəziyyət yaranmışdır. Səbəbindən asılı olmayaraq baş verən hər hansı bir qəza bizim 400 mindən artıq soydaşımızın yaşadığı bu bölgə üçün əsl su böhranı olardı. İndiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPA deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təəssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb”-deyə, deputat qeyd edib.