“Bu ailələr Milli Məclisdən dəstək gözləyir” – Paşayeva

“İşğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbuluna ciddi ehtiyac var”.

XALQ.AZ xəbər verir ki, bu təkliflər Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva çıxış edib.

Bundan başqa, distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb. 

Millət vəkili bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb:

“Autizmli uşaların sayı getdikcə artır. Bu ailələr qanunverici orqandan dəstək gözləyir”.

Q.Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb və həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib:

“Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir”.

XALQ.AZ