Bu gün Azərbaycan tam özünə güvənən ölkədir

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz”

Arxada qalan 15 ildə güclü Azərbaycan naminə qarşıdakı on illər üçün nəzərdə tutulan vəzifələri xalqına arxalanaraq yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsini milyonların Ona etimadı kimi yüksək dəyərləndirdi. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, dünyada sabitlik adası kim tanınan Azərbaycanın vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayır və bütün demokratik azadlıqları təmin olunur.

Yaranan belə demokratik şəraitin nəticəsidir ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş prezident seçkilərində xalq iradəsini sərbəst və istəyinə uyğun ifadə etdi. Görülən real işlərə qiymət verməklə xoşbəxt gələcəyə həmrəyliyi ilə səs verdi. “Bu gün Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz… Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər… Bizim taleyimiz öz əlimizdədir” söyləyən Cənab İlham Əliyev bildirir ki, müstəqillik yolu Azərbaycan xalqını xoşbəxt gələcəyə aparacaq. Ölkədə mövcud olan belə demokratik şəraitdə keçirilən prezident seçkilərində iştirak edən seçicilər dünya birliyində liderlik zirvəsinə yüksələn, beynəlxalq nüfuzu artan Azərbaycanın daha sürətli inkişafına səs verməklə bu tərəqqinin davamı üçün çox düzgün seçim etdi.

Ötən seçkilərdən sonrakı 15 ildə qazanılan uğurlar isə möhtəşəmdir. Müstəqil daxili və xarici siyasətə malik olduğunu, təhlükələrdən və risklərdən xalq-iqtidar birliyi ilə qorunduğunu, beynəlxalq təşkilatlarda layiqincə təmisl olunan Azərbaycan geosiyasi əhəmiyyəti ilə fərqlənən, dünya siyasətinə təsir imkanları artan ölkə olduğunu sübut etdi. Coğrafi format və xarici siyasəti ilə önəmini təsdiqləyən Azərbaycana artan maraq, həmçinin, xalqımızın qədim tarixindən və köklərindən qaynaqlanan amillərlə bağlıdır. Etnik, dini, mədəni müxtəlifliyə ehtiram və hörmət Azərbaycan xalqının ən böyük sərvətlərindəndir. Xalqımızın kimlik pasportu sayılan terrora separatizmə, millətlər və dinlərarası münaqişələrə, ksenefobiyaya qarşı mübarizəsi ilə çoxlarına nümunə olan Azərbaycan tarixən birgəyaşayış qaydalarına hörmətlə yanaşmağı, qarşılıqlı əməkdaşlığı milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi qoruyub- saxlamış, bəşəri ideyalara sadiqlik göstərmişdir. Azərbaycanda iqtisadiyyat 15 il ərzində 3,2, qeyri-neft iqtisadiyyat 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının inkişafı tək neft, qaz istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində artım 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfədir. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır. Bu inkişaf valyuta ehtiyatlarımızın artımına səbəb olub. Yəni müstəqilliyin ilk illərində 1,8 milyard dollar olan valyuta ehtiyatlarımız hazırda 44 milyard dollara bərabərdir. Yəni 15 ildə iqtisadi müstəqilliyin əsas şərti olan, strateji sərvətimiz sayılan valyuta ehtiyatları 23 dəfə artıb. Bu illər ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Əsas odur ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 ili əhatə edir. Azərbaycanda işsizlik 5, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Halbuki regionların sosial-iqtisadi inikşafına dair ilk Dövlət Prqoramı qəbul olunanda yoxsulluğun səviyyəsi 49 faiz idi.

Cari ilin birinci rübbündəki statistik rəqəmlər də sevindiricidir. Belə ki, bu müddətdə sənaye istehsalı 2, qeyri-neft sənayesi isə təxminən 10, kənd təsərrüfatı məhsulları istehsalı 4,2 faiz artıb. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub. Respublikamızın xarici ticarət dövriyyəsi 31, ixrac isə 37 faiz artmışdır. Birinci rübdə 31 mini daimi olmaqla 34 min yeni iş yeri yaradılmışdır. Yaxın müddətdə Dövlət Proqramında nəzərdə tutulan 1 milyon 500 min iş yerinin yaradılması təmin olunacaq. Maaşlar son 15 il ərzində beş, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər sırasındadır. Sosial layihələr olan və böyük vəsait tələb edən 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Seçkilər ərəfəsində Azərbaycandakı son illərdəki inkişafı təhlil edən beynəlxalq beyin mərkəzlərinin hesabatlarında, respondentlər arasında keçirilən sorğularda qeyd olunduğu kimi, dünya ölkələrini narahat edən böhranın hələ də davam etməsinə bazmayaraq, Azərbaycan düşünülmüş siyasəti, iqtisadi inkişaf sürəti ilə davamlı inkişafını qoruyub-saxlaya bildi. Avropa ölkələrində iflasa uğrayan ən iri şirkətlərin fəaliyyətini dayandırdığı, işsizlik səviyyəsinin 26 faizə çatdığı halda bu müddətdə Azərbaycan dünyada ən sürətli templə inkişaf edərək siyasi və iqtisadi sabitliyini qorudu.

Azərbaycanın əldə etdiyi inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdədir. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi və qazandığı nüfuz qüdrətli ölkələr üçün də örnəkdir. Möhkəmlənən iqtisadiyyatı, genişlənən əlaqələri, iki və çoxtərəfli formatda təkmilləşən xarici siyasəti region və MDB ölkələri üçün nümunədir. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Sivlizasiyalararası dialoq, humanitar platforma kimi tanınan Azərbaycanda “Multikulturalizm İli”nin, “İslam Həmrəyli İli”nin elan olunması, “Eurovision” Mahnı Müsabiqəsinin , Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” yarışlarının keçirilməsi, dünya birliyini düşündürən problemlərin müzakirəsi üçün sabitlik məkanı kimi tanınan ölkəmizin seçilməsi də 15 ildə aparılan siyasətə beynəlxalq səviyyədə dəstək və etimaddır.

Bu gün Azərbaycan güclü maliyyə potensialına və şaxələndirilmiş daşıma marşrutlarına, müasir infrastruktura malik və tam özünə güvənən ölkədir. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması istiqamətində böyük işlər görülür. Hazırda neft gəlirlərinin insan kapitalına çevrilməsi əsas hədəflərdəndir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan islahatlara daha çox üstünlük verilir. Mənzil İnşaat Dövlət Agentliyinin yaradılması ilə aztəminatlı ailələr üçün güzəştli mənzillərin tikilməsi təşəbbüsü də ilklərə imza atan Azərbaycan brendidir. Məcburi köçkünlərin mənzillə təminatına diqqət artırılır. Bu il, ən azı 4 min ailə – 20 min köçkün yeni evlərlə və mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə, yəni 12 min köçkün yeni mənzillərə köçürülüb. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq. Ordumuzun güclənməsi, müdafiə imkanlarımızın artmasının nəticəsi olan Lələtəpədə bayrağımızın dalğalanması, Cocuq-Mərcanlıda həyatın bərpa olunması, Ermənistan üzərində siyasi, iqtisadi və diplomatik uğurlarımız Azərbaycanın qələbəsidir.

Qərblə Şərq arasında körpü olan, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, bütün istiqamətlər üzrə konkret proqram və planları, icra mexanizmi, maliyyə resursları olan Azərbaycan öz taleyinin sahibi olduğu üçün gələcək yolunu da sərbəst müəyyənləşdirmək hüququndan istifadə etdi. Azərbaycan Prezidenti İlham Əliyev gələcək yolumuzu da xalqa arxalanaraq, daha qətiyyətlə davam etdirmək əzmində olduğunu bildirdi: “Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək”.

Elgün